Ceyhun Bayramov İƏT-in Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb

Ceyhun Bayramov İƏT-in Azərbaycandakı diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb
# 19 mart 2021 00:03 (UTC +04:00)

Xarici işlər naziri Ceyhun Bayramovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşü keçirilib.

XİN-in Mətbuat Xİdməti idarəsindən APA-ya verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının icrası ilə bağlı bir sıra məqamlar, post münaqişə dövrünün bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb. Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub. Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacib olduğu bildirilib.

İƏT-in hər zaman Azərbaycanın haqq mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın sonuncu Nazirlər Şurasının iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması prosesində, habelə bu ərazilərdəki tarixi, mədəni, dini irsin bərpasında iştirak etmək istəyini ifadə edən ölkələrə təşəkkür ifadə edilib.

Daha sonra görüş sual-cavab formatında davam etdirilib. İƏT-in Azərbaycandakı diplomatik nümayəndəlikləri adından ölkəmizdəki diplomatik korpusun duayeni qismində Fələstin səfiri Nasir Əbdül Kərim çıxış edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və orada törədilən dağıntıların miqyası ilə tanış olmaq imkanlarının olduğunu qeyd edib. Bu ərazilərin yenidən tikilməsi və bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönməsinin əhəmiyyətini vurğulayıb. İƏT-in bölgədə dayanıqlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması ilə bağlı mövqeyini bir daha vurğulayıb. Nazir Ceyhun Bayramov səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

İƏT üzv ölkələrinin səfirləri gələcəkdə bu formatda görüşlərin davam etdirilməsi istəyini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR