Ceyhun Bayramov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb

Ceyhun Bayramov Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanovla görüşüb
# 26 avqust 2020 18:19 (UTC +04:00)

Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiya Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanov ilə görüşü olub.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında uğurla inkişaf edən münasibətlərin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıb, o cümlədən parlamentlərarası əməkdaşlığın yüksək səviyyəsini qeyd ediblər.

Ölkə rəhbərləri arasında mövcud olan qarşılıqlı etimadın, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə təkan verdiyi qeyd olunub. Bu xüsusda, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin ötən il Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində əldə olunmuş nailiyyətlər xüsusi vurğulanıb.

Ölkələr arasında əməkdaşlığın hüquq-müqavilə bazasına istinad olunaraq, bu xüsusda 1997 və 2008-ci il dostluq və strateji əməkdaşlıq üzrə sənədlərə vurğu edilib.

Beynəlxalq səviyyədə əməkdaşlıq məsələlərinə toxunan tərəflər ATƏT, MDB və digər təşkilatların Parlament Assambleyaları çərçivəsində qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar.

Tərəflər, həmçinin iki ölkə arasında humanitar, mədəniyyət, təhsil sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Pandemiya ilə mübarizə şəraitində hər iki ölkədən vətəndaşların təxliyəsi ilə bağlı atılmış addımlardan bəhs edən tərəflər mövcud şəraitdə qarşılıqlı yardım və həmrəyliyin vacibliyini vurğulayıblar.

Görüşün sonunda, 1941-45-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə yubiley medalı Nazir Ceyhun Bayramova təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR