Ceyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədri ilə görüşüb

Ceyhun Bayramov TBMM-in Xarici əlaqələr komissiyasının sədri ilə görüşüb
# 10 mart 2021 22:32 (UTC +04:00)

10 mart 2021-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-in Mətbuat Xidməti idarəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Ceyhun Bayramov qardaş Türkiyənin nümayəndə heyətini səmimiyyətlə salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud yüksək səviyyəli əməkdaşlıq və tərəfdaşlıq münasibətlərin son zamanlar intensiv şəkildə inkişafından məmnunluqla bəhs edib.

Türkiyənin hər zaman Azərbaycanın haqq mövqeyinə dəstək olduğunu vurğulayan nazir, 44 günlük Vətən müharibəsi dövründə bu dəstəyin bütün səviyyələrdə, o cümlədən, ali səviyyədə, Böyük Millət Məclisi, Müdafiə və Xarici İşlər Nazirlikləri daxil olmaqla bütün dövlət qurumları və nəhayət qardaş Türkiyə xalqı səviyyəsində açıq nümayiş edildiyini söyləyib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən bölgədə münaqişə sonrası formalaşan yeni təhlükəsizlik vəziyyəti, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin timsalında qardaş ölkənin bu təhlükəsizlik formatının bir hissəsi olması, post münaqişə bərpa və quruculuq prosesi, bölgənin üzləşdiyi ən ciddi təhdidlərdən olan mina təhlükəsi, habelə Türkiyənin azad olunmuş ərazilərimizin minadan təmizlənməsi və quruculuğu prosesində iştirakı kimi məsələlər barədə məlumat verib.

Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıç ölkəmizin ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edərək qələbə xəbərinin yüksək sevinclə qarşılandığını bildirib və ölkənin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. Türkiyənin hər zaman və hər şərtlərdə Azərbaycanın yanında olduğunu, siyasi və mənəvi dəstəyini Azərbaycandan əsirgəmədiyini bildirən A.Kılıç, Böyük Millət Məclisinin də bu dövrdə öz iradəsini açıq şəkildə ortaya qoyduğunu vurğulayıb. O, imzalanmış üçtərəfli bəyanatların bölgədə yeni imkanlar açdığını qeyd edərək, Azərbaycanın sülh və tərəqqi tərəfdarı olduğu halda, bu fikirlərə qarşı kimin çıxış etdiyinin göz qarşısında olduğunu söyləyib.

Səfər çərçivəsində Azərbaycan dövlət başçısı tərəfindən qəbul olunduqlarını, Milli Məclisdə görüşlərin keçirildiyini razılıqla qeyd edən qarşı tərəf, səfərin uğurla həyata keçirildiyini bildirib.

Tərəflər iki ölkə arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR