Dağlıq Qarabağın Azərbaycanlı İcması Dünya Qaçqınlar Günü ilə bağlı BMT-nin xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət ünvanlayıb

Dağlıq Qarabağın Azərbaycanlı İcması Dünya Qaçqınlar Günü ilə bağlı BMT-nin xüsusi nümayəndəsi Ancelina Coliyə müraciət ünvanlayıb
  • Clock-gray 08:52
  • calendar-gray 27 İyun 2020

Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının  Beynəlxalq əlaqələr şöbəsinin müdiri Aybəniz İsmayılova İcmanın qadınları adından Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi  Ancelina Coliyə müraciəti təqdim edib.

APA-nın məlumatına görə, müraciətdə deyilir:

 “Biz illərdir, sizin bir humanist insan, bir xeyriyyəçi və xoşməramlı səfir kimi fəaliyyətinizi izləyirik. Sizin konflikt, aclıq, ekoloji fəlakət yaşayan müxtəlif bölgələrə səfəriniz, o yerlərdə müharibədən, köçkünlükdən, aclıqdan əzab çəkən insanlara yardım əlinizi uzatmağınızı, onların dərdlərini dinləyib, kömək etdiyinizi görürük. Sizin bir insan, bir xoşməramlı səfir, bir aktivist kimi insanpərvər imiciniz bizi sizə bu məktubu yazmağa ürəkləndirdi və ümid verdi.

Biz sizə 96 yaşlı Sarabəyim nənədən danışmaq istərdik. 38 yaşında dul qalmış, beş uşağını tək böyütmüş Sarabəyim nənə 67 yaşında doğma kəndindən qaçmalı olub. Böyük şəhərə, övladlarının yanına sığınmağa məcbur qalıb. Alışdığı həyətindən, bağından, evindən uzaq qalan Sarabəyim nənə şəhər evlərinə uyğunlaşa bilməyib, övladları onun üçün həyət evi tikməyə məcbur qalıblar. Düz 27 ildir ki, Sarabəyim nənə bu evdə qonaq kimi yaşayır, doğma kəndinə gedəcəyi günü gözləyir. O hər gün Xəbər proqramlarını izləyir, ümid edir ki, bir gün mütləq gözlədiyi xəbəri alacaq. Bu xəbər onun doğma kəndinə qayıda biləcəyi xəbəri olacaq. O, özünü yaşadığı yerdə müvəqqəti, hətta məhbus kimi hiss edir. Çünki getmək istədiyi tək məkana, tək evə getmək imkanı yoxdu.

Bu pandemiya günlərindəki hərəkət məhdudiyyəti, insanların evlərə, kəndlərə, şəhərlərə vəziyyətə uyğun olaraq, öz sağlamlıqlarını qorumaq üçün qapanıb qalması bizə çox şeyi öyrətməlidir. İnsanın getmək istədiyi, arzusunda olduğu yerlərə gedə bilməmək imkanının olmaması necə də böyük məhrumiyyət, necə də ağır sınaqdır. İndi təsəvvür edin ki, Sarabəyim nənənin yaşıdları 27 ildir ki, bu məhrumiyyəti yaşayır, 27 ildir ki, öz evlərinə qayıda bilmirlər.

Onun yaşıdları bu pandemiya ərəfəsində risk qrupundadırlar. Kim bilir, bəlkə də, onlar bu virusdan qoruna, yoluxsalar, sağala bilməyəcəklər. 27 ildir bəslədikləri doğma yurda qayıtmaq ümidini özləri ilə məzara aparacaqlar. Kaş belə olmayaydı...

Sarabəyim nənə tək deyil. Onun taleyini bu və ya digər şəkildə yaşayan bir milyondan çox insan var ölkəmizdə. Bu insanları bir tale birləşdirir – Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi... 

30 ilə yaxındır ki, Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətindən əziyyət çəkir. 25 ildir ki, atəşkəs elan edilsə də, zaman-zaman cəbhə xəttində qısamüddətli savaşlar baş tutur, əsgərlər həlak olur, yaralanır, bəzən konflikt zonalarda yaşayan dinc insanlar da bu savaşlarda həyatlarını itirir. Müharibənin ilk beş ili boyunca Azərbaycanın Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərindən bir milyona yaxın insan köçkün düşdü. Şəhərləri, rayonları, kəndləri işğal edilən bir milyon insan Azərbaycanın təhlükəsiz rayonlarında yerləşməyə məcbur oldu.

Bir milyona yaxın insan on ildən artıq çadırdan, vaqonlardan, taxta komalardan ibarət düşərgələrdə yaşadı. Şəraitsizlik, qeyri-insani həyat şərtləri altında körpələr doğuldu, qocalar öldü, cavanlar vaxtsız qocaldı, iki nəsil böyüdü. Bu şərtlər altında yüz minlərlə uşaq normal təhsildən, rahat uşaqlıqdan məhrum oldu. Normal tibbi yardımı olmayan düşərgələrdə insanlar müxtəlif xəstəliklərə yoluxdu, günvurmadan, soyuqdan insanlar öldü…

Biz qaçqın düşdüyümüz ildə ölkəmizdə hər səkkiz nəfərdən biri qaçqın idi. Bütün bu faciələrə baxmayaraq, bizim dərdimiz, ağrılarımız sanki dünyanın diqqətini cəlb edə bilmədi. Bəli, dünya elə bu günümüzdə də dəhşətli savaşlar, faciələr, problemlər yaşayır və bizləri üzür. Harada olmasından asılı olmayaraq, ağrı – ağrıdır, faciə-faciədir, aclıq – aclıqdır, ölüm – ölümdür. Bir ölkədə milyonlarla uşağın normal qidalana bilməməsi də faciədir, başqa bir ölkədə cəmi bir uşağın aclıq çəkməsi də! Dünyada 250 milyon uşağın təhsil ala bilməməsi bizi ağrıdır.

Son 30 ildir davam edən bu köçkünlük həyatı düz dörd nəslin taleyini sındırdı. Yaşının ahıl çağında doğma yurdundan qaçan qocalar çadır düşərgələrdə, şəhərlərdə sığındıqları evlərdə qürbətdə öləcəklərindən qorxa-qorxa yaşadılar, yurdlarından qoyunlarında gizlədib, gətirdikləri torpaqla ovundular. Heç olmasa, ölmək üçün doğma evlərinə qayıdacaqları günlərin həsrəti ilə xəstə düşdülər, vətən, yurd nisgili ilə həyatlarını itirdilər. Ölkəmizin hər tərəfini köçkün, qərib məzarlıqlar bürüdü.

Köçkün düşən cavanların taleyi bütün nəsillərdən daha ağır oldu. Onlar həm yaşlı ata-analarına təskinlik verməli, onların qayğısına qalmalı, həm də müharibə şəraitində övladlarını yedirtməli, yaşatmalı idilər. Onların dərd çəkməyə belə vaxtları, imkanları yox idi. Köçkünlərimizin bu nəslini köçkünlük dərdi, şəraitsizlik, həm valideyn həm övlad qayğısı vaxtından əvvəl qocaltdı, əldən saldı. Bu nəsil ancaq bütün gəncliyini qayğılara, problemlərə xərclədi.

Daha bir nəsil köçkün uşaqlar oldu. Uşaqlığı  savaş illərinə, köçkünlük günlərinə düşən uşaqlar. Düşərgələrdə, yarıac-yarıtox yaşamağa məcbur olan uşaqlar. Təkcə özləri deyil, məktəbləri, təhsilləri də köçkün düşmüş uşaqlar. O uşaqlar dondurmanın dadını vaxtında bilmədi, doyunca yeməyin nə olduğunu bilmədi, bəziləri düşərgələrdə ən sadə insani şərtlərdən məhrum böyüdü. Bu nəsil bazarlarda, tikintilərdə, ən ağır işlərdə itib, batdı, onlardan cüzi bir hissəsi təhsil ala bildi, özünü təsdiqləyə, həyatdakı yerini tuta bildi. Çoxunun taleyinə isə ömürlük ağır iş, fiziki zəhmət, çətin bir həyat düşdü. Qeyri-insani şərtlər altında böyüdüklərindən, doyunca qidalanmadıqlarından, vaxtında tibbi yardım görə bilmədiklərindən, bu nəslin səhhətində ömürlük problemlər yarandı.

Bu müharibənin son zərbəni vurduğu nəsil düşərgələrdə, köçkünlük illərində dünyaya gələn körpələr oldu. O körpələr ki, nə müharibəni, nə də köçkünlüyü öz gözləri ilə görməsə də, evlərində, ailələrində daima bu mövzuları eşidərək böyüdü. Kimliklərinə bir şəhər, bir kənd yazıldı, amma özlərini həmişə ata-babalarının köçməyə məcbur olduğu yerlərə aid hiss etdilər. Buna görə yarımçıq, nisgilli, zədəli böyüyürlər. Yaşadıqları yerlərə özlərini aid hiss etmirlər.

Gördüyünüz kimi, müharibə, köçkünlük nəsillərin həyatını dağıdıb, psixologiyasını pozub, taleyini dəyişib. Bəli, hansısa daha iri miqyaslı müharibələr, daha çoxsaylı köçkünlər, daha ağrılı proseslərlə müqayisə ediləndə, bəlkə də, o qədər də faciəvi görünməz, amma bütün sadaladıqlarımız insan həyatında silinməz ağrılar, zədələr buraxmaq üçün kifayətdir.

Hazırda bu savaşın bir gün sülhlə bitəcəyinə, doğma yurdlarına qayıtmağı ümidlə gözləyən dörd nəsil yaşayır ölkəmizdə. Bu insanların öz torpaqlarına qayıtmaq hüquqları bütün beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Buna baxmayaraq, onlar illərdir, vətən həsrəti ilə yaşamağa məcburdur.

Biz, Qarabağın məcburi köçkün qadınları, sizi Azərbaycana dəvət edirik. Uşaqlığımızı, gəncliyimizi, evimizi və xatirələrimizi, doğmalarımızın məzarlarını və nəhayət könül rahatlığımızı qoyub gəldiyimiz doğma torpaqlarımız barədə sizinlə söhbət etmək istəyirik. Bizim faciəmizi, həqiqətləri dünyaya çatdırmağınızı istəyirik. Ölümlərini doğma yurdlarına saxlamağa çalışan nənə-babalarımız, heç olmasa ömrünün qalanını doğma evində keçirmək istəyən ata-analarımız, uşaqlığımıza, dinc həyatımıza qayıtmaq istəyən bizlər, tarixi vətənini görmək istəyi ilə çırpınan övladlarımızın sizdən gözləntisi budur”.

apa-logo-mini

Digər xəbərlər