Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək

Daha 250 Azərbaycan vətəndaşı Dağıstandan təxliyə ediləcək
# 10 iyul 2020 17:28 (UTC +04:00)

“Qarşıdan gələn həftə ərzində Rusiya-Azərbaycan sərhədi boyunca 250 civarında olan vətəndaşlarımızın, İrandan, həmçinin Türkiyədən Gürcüstan-Azərbaycan istiqamətində quru sərhədi boyunca digər ölkələrdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi nəzərdə tutulur”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev nəzərə çatdırıb ki, həmçinin öz şəxsi avtomobili və digər şəxsi nəqliyyat vasitəsi ilə Avropa ölkələrindən Türkiyəyə gələn vətəndaşlarımızın da bu istiqamət üzrə Azərbaycana gətirilməsi nəzərdə tutulur: “Həftə ərzində Gürcüstanda olan təxminən 200 vətəndaşımızın da quru sərhədi vasitəsilə Azərbaycana keçidi təmin olunacaq. Bu halda da vətəndaşlarımızın testdən keçmələri və ölkədə olduqları halda 2 həftəlik karantin rejiminə əməl etmələri vacib şərtlərdən biridir. TƏBİB tərəfindən iltizam sənədi istər təyyarə göyərtəsində, istərsə də sərhəd keçid məntəqələrində vətəndaşlar tərəfindən imzalanır”.

H. Hacıyev bildirib ki, həftə ərzində vətəndaşların istəyi nəzərə alınaraq Budapeşt-Bakı istiqamətində vətəndaşlarımız gətiriləcək: “Xüsusən Macarıstanda tələbələr var. Daşkənd-Bakı, Moskva-Bakı, Yekaterinburq-Bakı və Doha-Bakı istiqamətində Azərbaycan vətəndaşlarının gətirilməsi nəzərdə tutulub”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Bakı-Yekaterinburq istiqamətində həftədə bir dəfə çarter reysinin təşkili ilə bağlı danışıqlar aparılır: “Eyni zamanda həftədə bir dəfə Bakı-Moskva reysi həyata keçirilir. Bunun müntəzəm olması ilə bağlı danışıqlar aparılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR