Deputat: “Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirir”

Deputat: “Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirir”
# 05 may 2020 11:24 (UTC +04:00)

“2018-ci ilin prezident seçkilərindən sonra ölkəmizin müxtəlif strukturlarda islahatlar getməkdədir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında, bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələnin müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, bu gün təqdim edilən şəxslərin əksəriyyətini tanıyır: “Onlar kifayət qədər hüquqi savada və bu sahədə təcrübəyə malikdir. Onlar dövlətimizdə ədalət prinsipinin hökm sürməsində üzərlərinə düşən vəzifəni yerinə yetirə biləcək. Məhkəmələrdə qanunun bütün tələblərini həyata keçirmək çətin məsələdir. Mülkiyyətlə bağlı məsələlərdə də belə çətinliklər mövcuddur. Vətəndaşın əmlakının məhkəmənin qərarı olmadan ələ keçirilməsi məsələsi bir neçə gün əvvəl gündəmə gəlmişdi. Ölkə başçısı bu məsələni nəzarətə götürdü. Mülkiyyət münasibətlərinin dəyişməsi ilə əlaqədar məhkəmə sistemində xeyli sayda işlər var. Bu məsələlərin öz həllini tapması daha məqsədəuyğundur. Burada ədalətli qərarın qəbulu vacib məsələdir. Üçüncüsü, Avropa Məhkəməsinin qərarları ilə bağlıdır. Avropa Məhkəməsi ədalət əvəzinə ədalətsizliyi həyata keçirməklə məşğul olur. Ermənistanın işğalı nəticəsində Azərbaycan vətəndaşlarının bir çox hüquqları pozulub. Azərbaycandan Avropa Məhkəməsinə Əli Kərimliyə xidmət edən biri tərəfindən bir şikayət ərizəsi gedən kimi qərar verilir. Prosedur qaydaları bəzən onlara bunu etməyə imkan yaradır. Prosedur qaydalarına düzgün əməl etmək lazımdır ki, bu qaydalardan hər hansı şikayət gəlməsin. Avropa Məhkəməsində əsas qaldırılan məsələ prosedur qaydaları ilə bağlıdır”.

O qeyd edib ki, məhkəmə sistemində yeniliklər bundan sonra da davam edəcək: “Hakimləri yaşa görə yox, əməyinə, işinə görə qiymətləndirmək lazımdır. Ola bilər məhkəmə sistemində işləyən hakim ömründə ədalətli qərar qəbul etməyib. Hakimlərin işinin qiymətləndirilməsi vətəndaşların onlardan razılığına görə olmalıdır. Bu strukturun verdiyi hər bir qərar vətəndaşların həyatında mühüm rol oynayır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR