Deputat: "Beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməlidir"

Deputat: "Beynəlxalq təşkilatlar Ermənistandakı vəziyyəti düzgün qiymətləndirməlidir"
# 18 iyun 2020 14:01 (UTC +04:00)

“Qaqik Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların səssizliyi Qərbin ölkələrə münasibətdə ikili standartlar çərçivəsində yanaşmasının bariz nümunəsidir”.

Bunu APA-ya açıqlamasında deputat Elşad Mirbəşir deyib.

O bildirib ki, hakimiyyətə gəldiyi vaxtlardan Paşinyanın Ermənistanda müsbət dəyişikliyə nail ola bilməyəcəyi bəlli idi: “Paşinyan hakimiyyətə təsadüfi gəlmiş adamdır və onun hakimiyyətə gəlməsini təmin edən əsas amil kütlənin Sarkisyandan kəskin narazı olmasıydı. Görünən reallıq həm də ondan ibarət idi ki, əslində, Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın da Ermənistandakı dövlət çevrilişində müəyyən səviyyədə rolu var. Çünki Sarkisyan kimi diktatorun, terrorçunun sakit şəkildə hakimiyyətdən imtina etməsi çox şübhəli görünürdü. Bu baxımdan bütövlükdə Paşinyanın hakimiyyətə gətirilməsi Sərkisyanın da iştirakçısı olduğu bir layihə idi. Bu layihə Qərb dairələri tərəfindən reallaşdırılmağa başladı. Paşinyanın hakimiyyətə gətirilməsinin motivləri əsasən, geosiyasi xarakterlidir. Paşinyanı hakimiyyətə gətirən dairələr, ona dəstək verən xarici qüvvələr onun qarşısında əsas vəzifə kimi Ermənistanı Rusiyanın təsirindən uzaqlaşdırmağı qoymuşdu. Paşinyan hakimiyyətə gəlməzdən öncə də Qərb dairələrinə çox canfəşanlıqla işləyirdi. Paşinyan Ermənistanın KTMT-yə və Avrasiya İqtisadi Birliyinə üzv olmasına qarşı kəskin çıxışlar edib. Onun bu “keyfiyyət”ləri də nəzərə alınaraq, hakimiyyətə gətiriləcək subyekt kimi müəyyənləşdirildi”.

Deputat qeyd edib ki, hakimiyyətə gəldiyi ilk vaxtlardan idarəetmədə avtoritarizm prinsiplərinə söykənən Paşinyan ondan sonra da özünü qatı diktator kimi göstərməyə başlayıb: “Paşinyanın dəsti-xəttini dəstəkləməyən istənilən şəxs düşmən elan olunur. Gələcəkdə özünə rəqib olacaq və ya rəqib olma ehtimalı ola bilən istənilən şəxsi korrupsiya ilə mübarizə ittihamı ilə həbs etməsi və bunun fonunda Qərbin sükutu Paşinyanın daha da ruhlandırır. Hakimiyyətdə olduğu müddətdə kütləni korrupsiyaya qarşı mübarizə aparması görüntüsü ilə aldadan Paşinyanın artıq bu limiti də tükənib. Bütün korrupsionerlərə qarşı “mübarizə” başa çatmış sayıla bilər. Paşinyan bu ad altında özünün siyasi rəqibləri ilə haqq-hesab çürütdü. Kütlə də bunu görür. Vaxtilə Paşinyanın elektoratı olmuş kəsim də Paşinyanın bu günə kimi imitasiya ilə məşğul olduğunun fərqinə varır və sürətlə ondan üz döndərməyə başlayır. Bu da Paşinyanın siyasi hakimiyyətinin sonunun yaxın olduğunu göstərir. Bu zaman hər dövrdə çevik hərəkətlər etməyi bacaran Sarukyan yenə də bu çevikliyini nümayiş etdirir. Bir vaxtlar Paşinyanı dəstəkləyən Sarukyan Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşmaqda olduğunu hiss etməsə, heç bir halda onu açıq şəkildə istefaya çağırmazdı. Ermənistanda dərin hakimiyyət böhranı mərhələsi başlamaqdadır. Növbəti mərhələdə də ayaqda qalmaq üçün Sarukyan obrazlı desək, Paşinyanın gəmisini tərk etmək qərarına gəlib. Belə olan halda Paşinyan yenə də diktator sifətini göstərir və antikonstitusion addımlar atmaqdan çəkinmir. Paşinyanın sifarişi ilə Sarukyanın deputat toxunulmazlığı statusu aradan qaldırıldı və onun həbsi imkanları genişləndi. Bununla Paşinyanın demokrat maskası tamamilə yırtıldı. Digər tərəfdən, Ermənistan cəmiyyəti də elə diktator üsulları ilə idarə edilməyə öyrənmiş cəmiyyətdir. Çünki terrorçu hakimiyyətin təsiri altında qalan cəmiyyətdə həm terrorizmə, həm də anti-demokratik prinsiplərə meyllilik hər zaman güclü olur”.

E. Mirbəşir vurğulayıb ki, ən acınacaqlısı bütün bunların fonunda beynəlxalq ictimaiyyətin Ermənistanda baş verənlərə sadəcə tamaşaçı qismində baxmasıdır: “Özü də bu, ilk hadisə deyil ki, Qərb özünü görməzliyə vurub. 2017-ci ildə Ermənistanda parlament seçkiləri keçirildi. 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkilərini müşahidə edən Qərb təşkilatlarının rəyində Ermənistanda bütün başlıca azadlıqlara əməl edildiyi göstərilmişdi. Lakin az sonra Ermənistanda inqilab baş verdi və seçkiləri uduzmuş indiki Baş Nazir hakim partiyanı devirdi. Qərb təşkilatlarının dəstəyi ilə hakimiyyətə gələn Paşinyan seçkilərin nəticəsini ləğv etdi və növbədənkənar parlament seçkiləri keçirilməsi ilə bağlı qərar verdi. Burada Qərb dairələrinin özlərinin özlərini inkar etməsi faktı müşahidə olundu. Paşinyan özünü demokrat kimi təqdim edirdisə, necə oldu ki, həmin dövrdə baş nazirlik postuna özündən başqalarının namizədliyini qəbul etmədi? Yəni rəqabətsiz mühitdə Ermənistanın Baş Naziri seçildi. Bundan sonra da siyasi rəqiblərinə qarşı repressiyalara başladı və əsas diqqətini özünün hakimiyyətinin möhkəmləndirilməsinə yönəltdi. Hətta dünya pandemiyadan əziyyət çəkdiyi bir dövrdə ÜST-ün tövsiyələrinin kobud şəkildə pozularaq qondarma rejimdə “seçki”lərin Paşinyan tərəfindən keçirilməsi, saxta seçkilərin saxta nəticələrinin kütləvi şəkildə qeyd olunması bir daha göstərdi ki, Paşinyan öz siyasi ambisiyalarına çatmaq üçün bütün vasitələrə əl atmağa, dəyərləri tapdalamağa və bəşəri cinayətlər törətməyə hazırdır. Ermənistanın hazırkı “demokratik” rejiminin mahiyyəti bundan ibarətdir”.

Deputat nəzərə çatdırıb ki, beynəlxalq təşkilatlar Ermənistanda olan vəziyyəti düzgün qiymətləndirməli, oradakı hakimiyyətin mahiyyətini düzgün dərk etməli və bunu etiraf etməlidir: “Hazırda Ermənistanda ciddi xaos davam etməkdə və Paşinyana qarşı ciddi koalisiya yaranmaqdadır. Bu koalisiyanın özü də demokratik dəyərlərdən uzaqdır. Beynəlxalq təşkilatlar işğalçı Ermənistanın rəhbərləri ilə ünsiyyət qurarkən Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində də artıq fərqli addımların atılması reallığından çıxış etməlidir. Azərbaycanofobiyadan ilhamlanan bəzi təşkilatlar ölkəmizdə ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməmək ənənələrinə son verməlidir. Münaqişənin tənzimləməsi istiqamətində vasitəçilik funksiyasını yerinə yetirən beynəlxalq təşkilatlar artıq işğalçı terrorçu hakimiyyətlə onun dilində danışmalı, təzyiq rıçaqlarına əl atmalıdır. Bununla, münaqişə ədalətli - Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR