Deputat: "Fransanın bu addımı Avropada separatizmi leqallaşdıra və alovlandıra bilər"

Deputat: "Fransanın bu addımı Avropada separatizmi leqallaşdıra və alovlandıra bilər"
# 19 noyabr 2020 18:50 (UTC +04:00)

“Fransa dünyanın düzənini dəyişəcək hökmə malik deyil”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

Deputat bildirib ki, Fransa hökumətinin qondarma "Dağlıq-Qarabağ Respublikası"nı tanımasına inanmaq istəmir:

“Çünki Fransa kimi tarixi kökləri və dövlətçilik təcrübəsi olan dövlət belə çiy qərar qəbul etməməlidir. Birincisi, bu qərar Azərbaycanın ərazi bütövlüyünü tanıyan Avropa Birliyinə hörmətsizlikdir. Çünki, Fransa Avropa İttifaqının adından Minsk qrupunun həmsədridir. İkincisi, BMT-nin qəbul etdiyi qərarlara hörmətsizlikdir və belə bir qərar qəbul edərsə, o zaman belə çıxır ki, Gürcüstan və Ukrayna ərazilərində olan qondarma rejimləri də tanıyacaq və ya tanımalıdır?

Maraqlı bir məqam ortaya çıxır, Fransa da Avropa Birliyinin üzvü kimi Ukraynada separatizmə görə Rusiya dövlətinə sanksiya tətbiq edir. Fransanın atmaq istədiyi addım məntiq qanununu, beynəlxalq hüququ təhqir edir, aşağılayır. Bu qədər ikili standart olarmı?”

Deputat nəzərə çatdırıb ki, Fransa Senatının Dağlıq Qarabağdakı qondarma qurumu tanımağı ilə bağlı Fransa dövlətinə tövsiyə etdiyi sadəcə qətnamədir:

“Bunun icrası məcburi deyil. Qətnamə layihəsi Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsindən daha çox, onun tanınmağa ehtiyacı olduğunu iddiasının lobbiçiliyi üzərində qurulub. Şübhəsiz, bu, erməni lobbisinin ciddi cəhdləri sayəsində ərsəyə gəlmiş növbəti təxribatdır. Bununla erməni lobbisi Fransada təsir dairəsində olan siyasətçilərin, parlament nümayəndələrinin vasitəsilə öz iddialarını gerçəkləşdirməyə çalışır”.

R. Nurullayev vurğulayıb ki, Fransanın bu addımının Avropada separatizmi leqallaşdıra və alovlandıra biləcəyini bütün dünya bilməlidir:

“Elə Fransanın öz ərazisində Korsika və Basklar kimi münaqişə ocaqları var. Avropada Kataloniya, Flamandlar var. İtaliyada iki ərazidə münaqişə zonası var. Onların da öz müqəddəratını həll etmə hüququnu Fransa tanıyacaqmı?"

Deputat deyib ki, Fransa belə bir düşünülməmiş addım atarsa, o zaman BMT-nin və Avropa Birliyinin, dünyada mövcud olan bir sıra beynəlxaq qurumların parçalanmasına gətirib çıxara bilər: "Ona görə də belə addım atılacağına inanmıram. Bunu etmək üçün Fransa Minsk Qrupundan imtina etdiyini də deməlidir. Həm də belə addım Rusiya ilə də münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarar. Belə çıxacaq ki, onlar həm də Rusiyanın öndə olmasına və münaqişənin həllində həlledici rola malik olmasına qısqanclıqla yanaşdılar. Əlavə olaraq, belə addım atılarsa, Rusiyanın Ermənistana münasibəti xeyli pisləşə və nəticəsi isə Ermənistan üçün fəlakət doğurar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR