Deputat xaricə ezam olunan diplomatların ailə üzvlərinin də həmin ölkələrin dilini öyrənməsini təklif edib

Deputat xaricə ezam olunan diplomatların ailə üzvlərinin də həmin ölkələrin dilini öyrənməsini təklif edib
# 05 may 2020 13:02 (UTC +04:00)

“Bu qərar layihəsi Azərbaycan-İtaliya münasibətlərinin inkişafına da müsbət təsir göstərəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında diplomatik nümayəndəlik, konsulluq və daimi nümayəndəlik əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Səməd Seyidov deyib.

O bildirib ki, bu, eyni qəbildən olan ikinci qanun layihəsidir: “Biz Ukrayna ilə də belə qanun layihəsi qəbul etmişdik. İtaliya Avropa Birliyinin aparıcı ölkələrdən biridir. Bu qərar layihəsi bizim diplomatik qurumlarımızın fəaliyyətinə müsbət təsir göstərəcək. Belə qərarların sayı nə qədər çox olsa, Azərbaycan üçün o qədər xeyirdir”.

Millət vəkili Aydın Mirəzadə qeyd edib ki, bu, mövcud olan xırda narazılıqları aradan qaldırır: “Çox təəssüf ki, diplomatların ailə üzvləri olduqları ölkələrdə müəyyən məhdudiyyətlərə görə işlə təmin edilə bilmirdilər. Sualım ondan ibarətdir ki, başqa hansısa ölkələrlə belə qərar layihəsinin imzalanması ilə bağlı təşəbbüslər var? Çox yaxşı olar ki, xaricə diplomatik fəaliyyətə ezam edilən insanların ailə üzvlərinin də həmin ölkələrin dilini öyrənməsini XİN o insanlar qarşısında tələb kimi qoysun”.

S. Seyidov isə bildirib ki, bu istiqamətdə işlər aparılır, ancaq asan məsələ deyil: “Nə qədər çox belə saziş olsa, o qədər yaxşıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR