Deputatlar Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıblar

Deputatlar Azərbaycanla Türkiyənin media sahəsində əməkdaşlığının əhəmiyyətindən danışıblar
# 01 fevral 2021 13:05 (UTC +04:00)

“Ordular arasında ittifaq nə qədər əhəmiyyətlidirsə, informasiya sahəsində də bu ittifaqın qurulması o dərəcə əhəmiyyətlidir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc deyib.

Deputat bildirib ki, memorandumun müddəalarından biri qaralama kampaniyasına qarşı birlikdə mübarizə aparmaqdır: “Biz 44 gündə Türkiyə və Azərbaycanın informasiya məkanının birləşdiyini gördük. Türkiyənin aparıcı kanalları Ali Baş Komandanla müsahibələr hazırladı, bu müsahibələri bütün dünyaya yaydı. Həmin günlər Türkiyə mediası, kanalları Azərbaycanla bağlı məsələni birinci planda saxladı. Qarabağla bağlı müzakirələr açdılar, bu məsələyə verilişlər həsr etdi. Hazırkı memorandumun məhək daşlarını 44 günlük müharibə dövründə olan münasibət təşkil edir. Ümidvarıq ki, hər iki ölkənin media qurumları dünyada özlərini daha sistemli təmsil etmək üçün çalışacaq. Ortaq media platformasının əhatə dairəsi KİV-i aşır. Bu mövzuda ortaq filmlər də çəkilməlidir. Memoranduma başqa dövlətlərin təmsilçiləri də qoşula bilər”.

Deputat Qənirə Paşayeva bildirib ki, bu sənədin imzalanması Azərbaycan və Türkiyənin informasiya müharibəsində gücünü artıracaq: “44 günlük Vətən müharibəsi dövründə qardaş Türkiyənin televiziyaları və qəzetləri Azərbaycanın haqlı səsini bütün dünyaya çatdırdı. Beynəlxalq arenada rast gəlinən dezinformasiyalara qarşı birgə mübarizə bu sənəddən sonra daha mükəmməl şəkildə təşkil olunacaq”.

Deputat Azay Quliyev qeyd edib ki, imzalanan sənəd həm Azərbaycan, həm də Türkiyə üçün gələcəkdəki hədəflərə çatmaq üçün çərçivə rolunu oynayacaq: “İstənilən informasiya müharibəsində ayrı-ayrı dövlətlər arasında olan əməkdaşlıq çox vacibdir. 44 günlük müharibə dövründə də biz bunu gördük. Qardaş Türkiyə bizə informasiya savaşında da bizə dəstək verdi. Prezident İlham Əliyev müharibə dövründə diplomatiya sahəsində də savaş verdi. Bu savaşda tək idi. Türkiyə media təmsilçiləri isə Prezident İlham Əliyevə bu sahədə çox böyük dəstək verdi. Bu memorandumda konkret birgə əməkdaşlığın təməl prinsipləri müəyyənləşib. Bu gün informasiya müharibəsi davam edir. Şübhəsiz ki, bu müharibənin arealı daha da genişlənəcək. Azərbaycanda MEDİA agentliyinin yaradılması da bu baxımdan əhəmiyyətlidir. Bu agentlik türkiyəli həmkarları ilə əməkdaşlıq üçün İş planı hazırlamalıdır. Bu gün informasiya savaşında Türkiyənin dəstəyinə daha çox ehtiyacımız var. Bu memorandumun imzalanması bizim üçün tarixi əhəmiyyətlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR