Dövlət başçısı: “Azərbaycan aralarında bəzi ixtilaflar olan ölkələri bir araya gətirmək üçün güc sərf edir”

Dövlət başçısı: “Azərbaycan aralarında bəzi ixtilaflar olan ölkələri bir araya gətirmək üçün güc sərf edir”
# 26 fevral 2021 18:28 (UTC +04:00)

“Türkiyə və İsrail arasında Azərbaycanın vasitəçi olması ilə bağlı deyə bilərəm ki, Azərbaycan bölgədə işbirliyini, əməkdaşlığı təmin edən ölkə kimi tanınır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı bildirib ki, bizim heç bir ölkə ilə heç bir problemimiz yoxdur: “Məhz buna görə Qoşulmama Hərəkatına biz yekdil səslə - 119 ölkənin səsi ilə seçildik. Halbuki Qoşulmama Hərəkatında elə ölkələr var ki, bir-biri ilə yola getmir, onların arasında ciddi ixtilaflar var. Amma onların hər biri Azərbaycanı dəstəklədi. Çünki bizim çox səmimi siyasətimiz var. Hər bir ölkə ilə biz səmərəli işbirliyi qurmaq fikrindəyik və bunu edirik. Ona görə istər-istəməz Azərbaycan dünyada bir görüş nöqtəsi kimi tanınır. Təsadüfi deyil ki, müharibədən və COVİD-dən əvvəl NATO və Rusiya hərbi rəhbərlərinin görüşləri məhz Bakıda keçirilirdi. Rusiya Baş Qərargah rəisi və NATO-nun Silahlı Qüvvələrinin rəhbəri Bakıda görüşürdülər. Niyə başqa yerdə yox, Bakıda görüşürdülər? Çünki inam var. Artıq bu imici biz qazanmışdıq. İnam, etimad və hörmət var. Və bilirlər ki, bizim sözümüz imzamız qədər qüvvətlidir. Digər vacib hadisələr baş verir. Müharibədən sonra aralarında bəzi ixtilaflar olan ölkələri bir araya gətirmək üçün Azərbaycan güc sərf edir. Niyə biz bunu edirik? Biz istəyirik ki, sabitlik olsun, sülh olsun, ədavət olmasın, risklər azalsın. Biz bu bölgədə yaşayırıq. Azərbaycanın içində hər hansı bir təhlükə, risk mənbəyi yoxdur. Müharibədən əvvəl də yox idi, indi də yoxdur. Nə ola bilər, bizim üçün baş ağrısı nə yarada bilər?! Bizim hüdudlarımızın kənarında müəyyən gərginlik bizə gərginlik gətirə bilər. Həm siyasi, həm də iqtisadi. Bunu aradan qaldırmaq üçün ölkələri barışdırmağa çalışmaq lazımdır. Xüsusilə bəzi hallarda emosiyalar üstünlük təşkil edir. Bəzi hallarda ifadə edilən hansısa söz düzgün qəbul edilmir, yaxud yanlış anlaşılır. Bütün bu emosional məsələlərdən masamızı təmizləməli və mahiyyətə baxmalıyıq. Mahiyyətdə nə var?! İki hər hansı ölkə arasında hansı ciddi, əsaslı ixtilaf varsa, bunu həll edək. Yoxdursa, Azərbaycan kimi ölkənin fəaliyyəti, əməyi yerində ola bilər. Bundan artıq mən deyə bilmərəm. Yəqin ki, siz də anlayırsınız nəyə görə. Ancaq hesab edirəm ki, dostlarımız arasında dostluq olarsa, bu həm dostlarımız üçün, həm bizim üçün daha yaxşı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR