Dövlət başçısı: "Erməni tərəfi yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır"

Dövlət başçısı: "Erməni tərəfi yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır"
# 15 oktyabr 2020 22:19 (UTC +04:00)

Münaqişənin nizamlanmasının baza prinsipləri 10 ildən artıq müddətdə işlənib hazırlanıb. Ermənistanın əvvəlki rəhbərliyi ilə iş prosesində biz mövqelərimizin razılaşdırılması istiqamətində çox fəal irəliləyirdik. Lakin təəssüf ki, Ermənistanın indiki rəhbərliyi hakimiyyətə gələndən sonra erməni tərəfi o vaxta qədər əldə edilənlərin hamısını sadəcə kənara atdı.

APA xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Rusiyanın Ria Novosti agentliyi üçün “Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

Baza prinsiplərində Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunmasının nəzərdə tutulduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Birinci mərhələdə işğal edilmiş ərazilərin cənub-şərq hissəsindəki 5 rayon, ikinci mərhələdə Dağlıq Qarabağ ilə Ermənistan arasında yerləşən ərazilər – Laçın və Kəlbəcər rayonları işğaldan azad edilməli, bütün kommunikasiyalar, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin digər hissələrində yerləşən kommunikasiyalar açılmalı, qaçqınlar və məcburi köçkünlər əvvəlki yaşayış yerlərinə qaytarılmalıdır. Bu, azərbaycanlı köçkünlərin həm Şuşa ərazisinə, həm də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin digər rayonlarının ərazisinə qaytarılmasını və Dağlıq Qarabağın tərəflər arasında razılaşdırılmalı olan qəti statusunun müəyyən edilməsinə dair danışıqları nəzərdə tutur”.

“Lakin Ermənistanın yeni hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, bu prinsiplər onlar üçün qəbuledilməzdir, onlar bircə qarış belə torpağı qaytarmayacaqlar. Bunu Ermənistanın baş naziri deyirdi. Ermənistanın müdafiə naziri deyirdi ki, Ermənistan yeni ərazilər üçün yeni müharibəyə hazırlaşır. Bizim ünvanımıza daim hədələr və təhqirlər səslənirdi, nəticəsi də bax bu cür qarşıdurma oldu. Düşünürəm ki, erməni tərəf vəziyyəti, yaranmış yeni vəziyyəti ayıq şəkildə qiymətləndirməli və atəşkəs rejiminə sadiq olmalıdır. Halbuki, o, bir neçə saatdan sonra gecənin bir aləmində dinc Gəncə şəhərini bombalayaraq atəşkəsi vəhşicəsinə pozub”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR