Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb

Elmar Məmmədyarov Aİ-nin ticarət üzrə komissarı ilə görüşüb
  • Clock-gray 17:50
  • calendar-gray 17 Fevral 2020

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb.

Xarici İşlər Nazirliyindən (XİN) APA-ya verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edilib.

F. Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə edib.

E. Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verib.

F. Hoqan Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd edib və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif edib.

E. Məmmədyarov Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhvəsini yüksək qiymətləndirərək Cənubi Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date