Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri ilə görüşüb
# 23 dekabr 2019 19:17 (UTC +04:00)

Tbilisi şəhərində keçirilən Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının Xarici İşlər nazirlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə görüşüb.

Azərbaycan XİN-dən APA-ya bildirilib ki, görüş zamanı Azərbaycan-Gürcüstan parlamentləri arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətləri yüksək qiymətləndirildi və əməkdaşlığın gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin üçtərəfli görüşün uğurla həyata keçirildiyi, bu görüş çərçivəsində fəaliyyət planı və Tbilisi bəyannaməsinin qəbul olunduğu, habelə bəyannamədə enerji, nəqliyyat və s. sahələrlə yanaşı, ilk dəfə olaraq ərzaq təhlükəsizliyi ilə də bağlı məsələlərin öz əksini tapdığı vurğulanıb və bunun üçtərəfli əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsinin göstəricisi olduğu bildirilib.

Hər üç ölkənin dövlət başçıları, xüsusilə də Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş Bakı-Tbilisi-Ceyhan boru kəmərinin əhəmiyyəti vurğulanıb. Bu boru kəmərinin nəinki ölkələrin iqtisadi və sosial inkişafını, həm də ölkələrin suverenliyi və müstəqilliyinin gücləndirilməsində, habelə sonradan həyata keçirilməsi nəzərdə tutulan üçtərəfli layihələrin reallaşmasında mühüm rol oynadığı bildirilib.

Bölgədə mövcud olan təhlükəsizlik vəziyyətindən bəhs edən tərəflər ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb. Bu xüsusda, nazir Elmar Məmmədyarov regional təhlükəsizliyə təhdid olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR