Elmar Məmmədyarov Latviya Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - YENİLƏNİB

Elmar Məmmədyarov Latviya Prezidenti ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib - YENİLƏNİB
# 12 dekabr 2019 21:59 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfəri çərçivəsində Latviyanın Prezidenti cənab Eqils Levits ilə görüşüb.

APA XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Latviya Prezidenti Eqils Levitsin diqqətinə çatdırıb. Latviya Prezidenti öz növbəsində ən xoş arzuları və salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.

Görüş zamanı Azərbaycan ilə Latviya arasında əlaqələrin yüksək inkişaf səviyyəsinə malik olduğu qeyd edilib və iki ölkə arasındakı münasibətlərin gələcək perspektivləri müzakirə olunub.

Həmçinin beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən müvafiq olaraq regionlardakı vəziyyət baradə fikir mübadiləsi aparılıb. Bu xüsusda nazir Elmar Məmmədyarov Latviya Prezidenti Eqils Levitsi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin son vəziyyəti barədə məlumatlandırıb. Prezident Eqils Levits dövlətlərin ərazi bütövlüyü prinsipinin təmin edilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişələrin məhz bu əsasda həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb.

Görüşdə, həmçinin Latviya və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əlaqələr, Şərq Tərəfdaşlığı çərçivəsində ölkələrimiz arasındakı əməkdaşlıq perspektivləri, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Tərəflər, eləcə də regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafı, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanları barədə geniş fikir mübadiləsi aparıblar.

Görüşdən sonra nazir Elmar Məmmədyarov Xatirə Kitabını imzalayıb.

***

Saat 17:27

Latviyada səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov bu ölkənin Prezidenti Eqils Levitslə görüşüb.

APA-nın xəbərinə görə, görüşdə "Şərq Tərəfdaşlığı" siyasəti, Latviya və Azərbaycan arasında qarşılıqlı əlaqələr, beynəlxalq platformalarda səmərəli əməkdaşlıq və dünyada baş verən siyasi hadisələr müzakirə olunub.

Tərəflər regional nəqliyyat dəhlizləri və enerji layihələrinin inkişafını, ikitərəfli iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını da müzakirə ediblər.

E. Məmmədyarov Latviya Prezidentinə Azərbaycana səfər etməsi ilə bağlı Prezident İlham Əliyevin dəvətini çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR