Fransa Parlamentinin deputatı: "Mülki əhalinin yaşadığı ərazilərin bilərəkdən bombalanması müharibə cinayətidir"

Fransa Parlamentinin deputatı: "Mülki əhalinin yaşadığı ərazilərin bilərəkdən bombalanması müharibə cinayətidir"
# 13 noyabr 2020 15:14 (UTC +04:00)

“Biz Azərbaycanın və sülhün dostları olaraq fransız parlamentariləri ilə bura birgə gəlmişik”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamber deyib.

Onun sözlərinə görə, hələ atəşkəs imzalanmamışdan əvvəl Azərbaycana gəlməyi planlaşdırıblar: “90-cı illərin əvvəllərində öz torpaqlarının bir hissəsini itirmiş ölkəyə dəstək üçün bura gəlmək istəyirdik. Lakin gəlməmişdən qabaq bizə məlumat verildi ki, Ermənistan artıq məğlub olaraq kapitulyasiya sənədini imzalayıb. Sülh gözəldir, lakin hüquqlar çərçivəsində olan sülh daha gözəldir. Biz Gəncəyə də gəlməyə qərar verdik. Çünki Gəncədə də hamımızın bildiyi hadisələr baş verib. Bir neçə gün əvvəl isə bu konfliktə son qoyuldu. Mülki əhalinin yaşadığı ərazilərin bilərəkdən bombalanması müharibə cinayətidir. Gəncədə gördüyümüz hadisələr isə bizə bunu bir daha sübut edir”.

Dostluq qrupunun vitse-prezidenti Fransanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyini heç vaxt dəyişmədiyini vurğulayıb: “Fransa 90-cı illərdə BMT tərəfindən hazırlanmış qətnaməni imzalayıb və Azərbaycana Ermənistan tərəfindən olan aqressiyanı qınayıb, problemin beynəlxalq hüquq çərçivəsində həll edilməsini istəyib. Sadəcə olaraq nəzərə almalıyıq ki, biz hər bir tərəfin, dünyada olan hər kəsin əziyyətlərinə həssas yanaşırıq. Qeyd etmək lazımdır ki, Fransada çox güclü erməni diasporu mövcuddur və müxtəlif ictimai-siyasi dairələrə təsir gücünə malikdir. Əgər Ermənistan bu gün pis vəziyyətdədirsə, bu, onun hökumətinin fəaliyyətinin nəticəsidir. Bizim Yer üzündə əziyyət çəkən bütün xalqlara qarşı humanitar fəaliyyətimiz olmalıdır. Lakin biz hər zaman BMT-nin imzaladığı və Fransanın ona səs verdiyi qətnamələrin tərəfindəyik və hər zaman beynəlxalq hüququ dəstəkləyəcəyik”.

Fransa Prezidentinin və Fransanın Xarici İşlər nazirinin açıq-aşkar erməni tərəfini dəstəkləmələri və Şuşanın adını “Şuşi” kimi çəkmələri ilə bağlı sualı cavablandıran parlamentari adların tələffüzü ilə bağlı göstərilən həssaslığı başa düşdüyünü deyib: “Təbii ki, Fransa tərəfindən də bəzi həssas məqamlar var ki, onları başa düşmək lazımdır. Bu növ bəyanatlarda vacib məqamlara nəzər yetirmək o qədər də əhəmiyyətli deyil. Fransa 90-cı illərdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal olunmasını qınayıb və BMT-nin qətnaməsinə səs verib. Fransa sonradan Minsk qrupuna üzv olub ki, onun çərçivəsində münaqişənin həll edilməsinə öz töhfəsini versin. 25 il ərzində bütün bu danışıqlar prosesi heç bir nəticə verməyib. İndi isə vəziyyət dəyişib. Azərbaycan hərbi gücdən istifadə edərək öz torpaqların azad edərək, sülhü və beynəlxalq hüququ bərqərar edib. Fransa həm Ermənistanın, həm də Azərbaycanın tərəfində duracaq ki, sülh prosesi davam etsin və bu cür konfliktli hallar daha baş verməsin. Hökumətlər atəşkəs imzalayıb və artıq xalqların öz aralarında sülh şəraitində yaşamasını bacarması lazımdır. Fransa da kim sülh istəyirsə, onun yanındadır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR