Fransa parlamentinin üzvünə Ermənistanın təxribatları barədə məlumat verilib

Fransa parlamentinin üzvünə Ermənistanın təxribatları barədə məlumat verilib
  • Clock-gray 12:15
  • calendar-gray 19 Oktyabr 2020

Milli Məclisin deputatı, Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupun rəhbəri Soltan Məmmədov Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti Jerom Lamber ilə videoformatda görüşü keçirilib.

APA-nın məlumatına görə, Soltan Məmmədov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə məlumat verib.

Ermənistan ordusunun Azərbaycanın Gəncə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket zərbələri endirdiyini nəticədə onlarla dinc sakinin həyatını itirdiyini diqqətə çatdırıb. Milli Məclisin deputatı bildirib ki, Ermənistanın bu hücumları bütün parametrləri ilə dinc əhaliyə qarşı qətliam və terrordur. Soltan Məmmədov Fransalı həmkarından Azərbaycanın haqlı mövqeyini Fransa ictimaiyyətinə çatdırmağı xahiş edib.

Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti Jerom Lamber baş verənlərdən dərin təəssüf hissi keçirdiyini bildirib. Hərbi əməliyyatlar zamanı dinc sakinlərin hədəf seçilməsinin yolverilməz olduğunu vurğulayıb. Qeyd edib ki, Fransada bəzən hadisələr mahiyyəti təhrif olunmuş formada ictimaiyyətə təqdim olunur. J.Lamber Ermənistanın işğalçı siyasətinin münaqişənin coğrafiyasını genişləndirməyə yönəldiyini deyib. Bildirib ki, baş verənlər barədə Fransa Parlamentinin üzvlərinin obyektiv məlumatlandırılması ilə bağlı davamlı iş aparılır. Azərbaycanın Fransadakı səfirliyi ilə birlikdə parlament üzvlərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat, habelə rəsmi məktub təqdim olunması da planlaşdırılır.

Soltan Məmmədov Fransa parlamentinin bəzi üzvlərinin Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin tanınması ilə bağlı qanun layihəsi hazırlaması ilə bağlı narahatlığını da ifadə edib. J.Lamber bu cür layihələrin parlamentdə müzakirə edilməsi perspektivinin olmadığını qeyd edib.  O, məsələni diqqətdə saxlayacağını bildirib.

Müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə neytrallığını qoruyub saxlamasının zəruriliyi də vurğulanıb. Yaxın vaxtlarda Fransa Milli Assambleyasının Fransa-Azərbaycan Dostluq Qrupu və Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun üzvlərinin iştirakı ilə videokonfransın keçirilməsi təklif olunub.

Firuzə Vahid

Digər xəbərlər