GUAM-a sədrlik Gürcüstana keçir

GUAM-a sədrlik Gürcüstana keçir
# 28 dekabr 2020 14:27 (UTC +04:00)

Gürcüstan 1 yanvar 2021-ci ildən etibarən GUAM-a sədrliyi bir il müddətində Azərbaycandan təhvil alacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, GUAM Xarici İşlər Nazirləri Şurasının bu gün keçirilən onlayn iclasında Gürcüstanın təşkilata sədrlik prioritetləri müzakirə edilib.

Gürcüstanın XİN başçısı David Zalkaliani təşkilata üzv ölkələr arasında parlament əməkdaşlığının, həmçinin humanitar əlaqələrin dərinləşdirilməsini diqqətdə saxlayacağını vurğulayıb.

İclas zamanı koronavirus pandemiyası dövründə təşkilat daxilində həyata keçirilmiş tədbirlərə nəzər yetirilib, işçi qrupları tərəfindən həyata keçirilən fəaliyyətlərdən bəhs olunub.

Tərəflər üzv dövlətlərin gömrük orqanları arasında pandemiyanın yaratdığı çətinliklər baxımından vacib olan fəal və uğurlu əməkdaşlığı xüsusi qeyd ediblər. Bildirilib ki, nazirlər təşkilatın əsas tərəfdaş ölkələri ilə GUAM+ formatının əməkdaşlığını müsbət qiymətləndiriblər və digər ölkələrlə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

“Görüş zamanı yeni tərəfdaşlar kontekstində İsraillə əməkdaşlıq qurmaq ehtimalı xüsusilə qeyd edilib, - deyə Gürcüstan XİN-in açıqlamasında bildirilib.

Sonda təşkilati məsələlərə dair qərarlar və onlayn iclasın protokolu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR