Gürcü ekspert: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq əlaqələri ortaq tarixə söykənir”

Gürcü ekspert: “Gürcüstan və Azərbaycan strateji tərəfdaşlıq əlaqələri ortaq tarixə söykənir”
# 23 oktyabr 2020 19:50 (UTC +04:00)

"Gürcüstan və Azərbaycan arasındakı sarsılmaz strateji tərəfdaşlıq əlaqələri xalqlarımızın ortaq keçmişinə, tarixi yaddaşına söykənir".

Bunu APA-nın yerli bürosuna açıqlamasında gürcüstanlı siyasi ekspert Giorgi Qoqua deyib. O bildirib ki, iki ölkə arasındakı çoxşaxəli əlaqələr həm siyasi hakimiyyətlərin xoş məramı, həm də xalqlar arasındakı səmimi dostluq və qardaşlıq ənənələrinə əsaslanır və həyata keçirilən birgə layihələrlə daha da dərinləşir.

“Bu gün bu əlaqələr hər iki ölkə tərəfindən iqtisadi, siyasi və mədəni-humanitar sahələrdə atılan uğurlu addımlar sayəsində daha da gücləndirilir. Bakı-Tbilsi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələr Azərbaycan və Gürcüstan arasındakı uğurlu əməkdaşlığın bariz nümunələridir. Unutmaq olmaz ki, qlobal enerji təminatında, beynəlxalq logistikada böyük paya sahib olan bu layihələr eyni zamanda regional təhlükəsizliyin gücləndirilməsi baxımından böyük önəm daşıyır. Qeyd edim ki, iqtisadiyyat və təhlükəsizlik sahəsindəki əməkdaşlıq əlaqələri yalnız iki ölkənin hökümətlərinin xoş məramının deyil, eyni zamanda hər iki ölkənin xalqlarının əsrlər əvvələ gedən mehriban qonşuluq və dostluq əlaqələrinin təcəssümüdür. Mən inanıram ki, Gürcüstan və Azərbaycan arasındakı bu möhkəm əlaqələr gələcəkdə də ən az indi olduğu səviyyədə olacaq”.

Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Qoqita Meşveliani də APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasındakı çoxşaxəli əlaqələr bundan sonra da yüksələn xətlə inkişaf edəcək. O qeyd edib ki, iki ölkə arasındakı əlaqələr qarşıdan gələn parlament seçkilərindən sonra yeni inkişaf mərhələsinə qədəm qoyacaq: “Strateji tərəfdaşımız olan Azərbaycanla əlaqələrimiz hər zaman möhkəm olub və bu bundan sonra da dəyişməyəcək. Qarşıdan gələn parlament seçkilərindən sonra Gürcüstan-Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələri daha uğurlu inkişaf mərhələsinə qədəm qoyacaq. Biz etnik azərbaycanlıların yaşadığı regionda yaşayırıq. Aramızdakı milli fərqliliklərə baxmayaraq biz hər zaman əlaqələrimizə xüsusi diqqət yetiririk. Bizim çoxlu azərbaycanlı dostlarımız var və həyata keçirdiyimiz bütün proqramlarda onların istəkləri də nəzərə alınır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR