Gürcü politoloq: “Ermənistan Müdafiə Nazirliyinin bəyanatına heç onun müttəfiqləri də inanmır”

Gürcü politoloq: “Ermənistan Müdafiə Nazirliyinin bəyanatına heç onun müttəfiqləri də inanmır”
  • Clock-gray 21:49
  • calendar-gray 13 İyul 2020

"Ermənistan hakimiyyəti Azərbaycan-Ermənistan dövlət sərhədininin Tovuz rayonu istiqamətində təxribata əl atması Paşinyanın verdiyi sözləri yerinə yetirə bilməməsi və insanların diqqətini ölkə xaricinə yönəltməyə çalışması ilə əlaqədardır".

Bunu APA-nın Gürcüstan bürosuna müsahibəsində gürcü politoloq Tengiz Txilava deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin son günlər bu cür təxribatlara əl atmasının əsas səbəbi Ermənistan iqtisadiyyatının dərin tənəzzül içərisində olmasıdır:

"Cənab Paşinyanın vəd etdiyi möcüzənin uğursuz olduğu çoxdan hamıya məlum olub. Bu başadüşüləndir - Ermənistan iqtisadiyyatı dərin böhran içindədir. Sirr deyil ki, əsl Ermənistan iqtisadiyyatı Ermənistanın hüdudlarından kənarda - Rusiyada mövcuddur. Ermənistanın isə yalnız qalıqları qalır. Belə vəziyyətdə Ermənistan rəhbərliyinə diqqəti ölkənin həqiqi problemlərindən xarici siyasi böhrana yönəltmək qalır. Bu zaman isə cənab Paşinyanın yeganə çıxış yolu Azərbaycanla münasibətlərin gərginləşdirilməsidir.  Beləliklə, bu davranışları ilə münaqişəni həqiqi mənada həll edəcəyinə ümid bəslənilən adam nəhayət özünün mütərəqqi imicini də ləkələdi".

Tengiz Txilava qeyd edib ki, Ermənistanın bu təxribatlarla Ermənistan-Azərbaycan münaqişəsinə üçüncü ölkələri cəlb etməyə çalışması yeni hadisə deyil. Bu, SSRİ-nin dağılmasından az əvvəl də müşahidə edilib, lakin indi erməni diasporasının özü də yarımçıq Ermənistan dövlətinə yardım etməkdən yorulub:

"Bunun bir təxribat olduğunu, belə desək, çılpaq gözlə də görmək olar. Təxribatın əsas səbəbi yuxarıda qeyd etdiyim iqtisadi məqamlardır. Bu münaqişəyə üçüncü ölkələri cəlb etmək cəhdinə gəlincə isə bu yeni deyil. Ermənistan bu müharibənin ilk günlərindən bunu etməyə çalışır. Əvvəlcə bu işi bacardı - Qorbaçovun başçılıq etdiyi Sovet rəhbərliyi Ermənistanla eyni tərəfdə dayandı. Sovet İttifaqının dağılmasından sonra isə erməni diasporu bu və ya digər ölkəni münaqişəyə cəlb etməyə çalışdı. Baxmayaraq ki, son illərdə erməni diasporasının özündə də yarımçıq bir dövlət olan Ermənistana yardım cəhdlərində açıq-aydın müəyyən yorğunluq müşahidə olunur".

Politoloq qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan sərhədini keçməyə çalışması ilə bağlı bəyanatına heç Ermənistanın öz müttəfiqləri də inanmır, çünki münaqişənin başladığı 80-ci illərdən Azərbaycan silahlı qüvvələrinin bölmələri bir dəfə də olsun belə bir davranışa yol verməyib:

"Ermənistan Müdafiə Nazirliyinin guya Azərbaycan ordusunun Ermənistanın dövlət sərhədini pozmağa çalışması ilə bağlı bəyanatı, çox güman ki, KTMT-ni münaqişəyə cəlb etməyə çalışmaq məqsədi daşıyır. KTMT-nin bu sahədəki razılaşması təşkilat üzvlərindən birinin suveren sərhədləri pozulduğu təqdirdə təsirli olur, amma heç bir KTMT üzvü Dağlıq Qarabağı Ermənistanın suveren ərazisi kimi tanımır. Hamıya məlumdur ki, 80-ci illərin sonlarından başlayan müharibə Azərbaycanın suveren ərazisində aparılır. Bu müddət ərzində heç bir Azərbaycan hərbi birləşməsi Ermənistan sərhədini keçməyib. Ona görə də  heç kim, o cümlədən Ermənistanın müttəfiqləri belə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin Ermənistan sərhədini keçməyə çalışmasına inanmayacaq. Beləliklə, KTMT-nin bu gərginliyin azaldılmasında hər hansı bir şəkildə iştirak etməsi ehtimalı azdır. Xüsusilə də nəzərə almaq lazımdır ki, bu birliyin heç bir üzvü, o cümlədən də Ermənistan Azərbaycanla münasibətləri korlayaraq heç bir fayda əldə etmiş olmayacaq".

Tengiz Txilava bildirib ki, Ermənistanın heç bir liderliyi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində maraqlı olmayıb. Münaqişənin həlli üçün ilk növbədə erməni xalqı Azərbaycanla əlaqələrin korlanmasının onların özlərinin əleyhinə olmasını dərk etməlidir:

"Faktiki olaraq Ermənistanda hakimiyyətdə olmuş heç bir lider bu məsələyə həqiqətən də ədalətli həll yolu axtarmayıb. Üstəlik, cənab Paşinyanın belə bir arzusu ola bilməz, bu, mümkün deyil. Əminliklə deyə bilərik ki, Paşinyanın hakimiyyətdə olmasının səbəbi onu dəstəkləyən kütlədir və bu dəstək məsələyə ənənəvi erməni yanaşmasından kənara çıxdığı təqdirdə aradan qalxacaq, onu dəstəkləməkdən imtina edəcəklər. Erməni xalqı özü belə bir siyasətin zərərli olduğunu dərk edənədək heç bir Ermənistan liderindən bu istiqamətdə hər hansı bir irəliləyiş gözlənilməməlidir. Bu cür bəzi əlamətlər hiss edilirdi, lakin cənab Paşinyanın populist davranışları nəticəsində tamamilə məhv edildi".

Səid Babazadə

Digər xəbərlər