Gürcüstan parlamentinin vitse-spikeri: “Dəyərlərimizi və tariximizi paylaşdığımız Azərbaycan xalqının yanındayıq” - MÜSAHİBƏ

Gürcüstan parlamentinin vitse-spikeri: “Dəyərlərimizi və tariximizi paylaşdığımız Azərbaycan xalqının yanındayıq” - MÜSAHİBƏ
# 18 yanvar 2020 13:11 (UTC +04:00)

Gürcüstan parlamentinin vitse-spikeri, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Kaxaber Kuçavanın APA-nın Gürcüstan müxbirinə müsahibəsi

- Cənab Kuçava, Siz Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun yeni rəhbəri seçilmisiniz. Yeni vəzifənizdə iki ölkə arasında əlaqələrə hansı töhfələri verməyi planlaşdırırsınız ?

- Qeyd etməliyəm ki, ölkələrimiz arasında əlaqələr olduqca yaxşı səviyyədədir. Əlbəttə, biz qonşu ölkələrik və aramızda tarixi dostluq əlaqələri var. Əsrlərdir ki, bir-birimizlə paylaşdığımız mədəni əlaqələrimiz mövcuddur. Müstəqillik əldə etdikdən sonra hər iki tərəfdən də bir çox işlər görülüb. Məsələn, səfirlər səviyyəsində... Xoşbəxtlikdən hər iki tərəfin də çox yaxşı səfirləri var. Eyni zamanda hökumətlər və parlamentlər bir-biri ilə yaxından əməkdaşlıq edir. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri olaraq, mən də çalışacağam ki, əlaqələrin daha aktiv inkişafına töhfə verim. Mənim xüsusi nəticələrə nail olmaq üçün hədəflərim var və bu, xalqlarımız üçün səmərəli olacaq.

- Azərbaycan-Gürcüstan əlaqələrinin hazırkı səviyyəsi Sizi qane edirmi?

- Biz bir çox ortaq çətinliklə üzləşən ölkələrik. Bizim əməkdaşlıq üçün istifadə etdiyimiz bir çox format var, məsələn, “Şərq Tərəfdaşlığı” və ya digər formatlar. Çətinliklərimiz az, yaxud çox dərəcədə eynidir, ona görə də hansı səviyyədə olmasından və ya hansı formatın istifadə edilməsindən asılı olmayaraq, birləşmək, təcrübə paylaşımı etmək, bir-birimizə yardım göstərmək, dəstək vermək çox vacibdir. Bu vaxta kimi hansı səviyyəyə çatdırılmasından asılı olmayaraq, əlaqələrin daha da gücləndirilməsi çox önəmlidir.

- İki ölkə bir sıra ortaq iqtisadi layihələr həyata keçirir. Bu layihələri regional təhlükəsizlik və stabilliyin qorunması baxımından necə dəyərləndirirsiniz? Daha hansı istiqamətlərdə iqtisadi layihələrin həyata keçirilməsi nəzərdən keçirilə bilər?

- Ortaq həyata keçirilən uğurlu layihələrə ən yaxşı nümunə Bakı-Tbilisi-Ceyhan layihəsi ola bilər. Əlbəttə, bir sıra digər layihələr də var. Mən düşünürəm ki, son vaxtların ən böyük mövzularından biri təkcə ticarət deyil, eyni zamanda turizm istiqamətində əməkdaşlığın artırılması olmalıdır. Biz iki ölkə arasında turistlərin sayının kifayət qədər artmasını müşahidə edirik. Lakin biz bununla kifayətlənməyib, hər iki ölkəyə maraq göstərən xarici turistləri regiona cəlb edə bilsək bu, nəqliyyat, xidmət sektoru kimi bir sıra digər sahələrin də inkişafına yardım edəcək. Düşünürəm ki, bu mövzu qarşıdan gələn illərdə əsas iqtisadi əməkdaşlıq istiqamətlərdən biri olacaq.

- Hər iki ölkənin ərazisində münaqişələr var və tərəflər qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünə dəstək ifadə edib. Bu istiqamətdə əməkdaşlığı necə qiymətləndirirsiniz ?

- Hər iki ölkə bu problemlə üzləşib. Biz hər zaman demişik və deyirik ki, münaqişələrin sülh yolu ilə həllindən başqa alternativ yoxdur. Biz hələ də bu yolu davam etdiririk. Mən tam əminəm ki, bir gün bu konfliktlər həll ediləcək və ümid edirəm ki, bu, tezliklə olacaq, ölkələr daha sürətlə inkişaf edəcək və onların inkişafının fərqli bir səviyyəyə çatdırılması mümkün olacaq.

- Azərbaycana səfər etməyi planlaşdırırsınızmı?

- Əlbəttə planlaşdırıram. Azərbaycanda parlament seçkilərinin başa çatmasını, yeni işçi qrupunun, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun formalaşmasını gözləyirik. Bunlar tamamlandıqdan sonra kommunikasiyamız olacaq və səfərlərimiz baş tutacaq. Sadəcə, biz Bakıya səfər etməyəcəyik, öz həmkarlarımızı da Gürcüstana səfərə dəvət edəcəyik.

- Bir neçə gündən sonra Azərbaycanda 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd ediləcək. Bu faciə Tbilisidə törədilmiş 1989-cu ilin 9 Aprel faciəsi ilə çox oxşardır. Sizcə, bu iki hadisənin hər iki xalqın tarixində yeri nədir?

- Biz dəyərlərimizi və tariximizi paylaşdığımız dostlarımızın, qardaşlarımızın, Azərbaycan xalqının yanındayıq və dəstəyimizi ifadə edirik. Xüsusilə də çox ağrılı olan bu günlərdə. Bununla belə, bu hadisələr ölkələrimizi parlaq gələcəyə aparan yol olub. Ona görə də bu anım günündə biz azərbaycanlı qardaşlarımızın yanında dayanacağıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR