Gürcüstanda küçələrə azərbaycanlı şəhidlərin adları veriləcək - FOTO

Gürcüstanda küçələrə azərbaycanlı şəhidlərin adları veriləcək - FOTO
# 22 yanvar 2021 17:03 (UTC +04:00)

Tbilisidə 20 Yanvar – 9 Aprel hadisələri mövzusunda “Müstəqilliyə aparan yol: Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsi keçirilib.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunan müsabiqədə Gürcüstan vətəndaşı olan 15 yaşdan yuxarı 52 gürcü və azərbaycanlı müəllif iştirak edib.

Həm rəsm, həm də inşa istiqamətində ümumilikdə 6 qalib müəyyənləşib, onların hər birinə diplom təqdim olunub. Bundan başqa, müsabiqə iştirakçılarının hər birinə sertifikat təqdim olunub, 40 nəfərə isə təşəkkürnamə verilib.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev müsabiqə iştirakçılarına təşəkkür edib. Hər iki faciənin tarixi barədə iştirakçılara məlumat verən səfir bildirib ki, Sovet ordusunun bu qanlı terror aktlarını törətməkdə məqsədi xalqların azadlıq mübarizəsinin qarşısını almaq olub. Bununla belə, bu faciələr milli kimliyin formalaşdırılmasına böyük rol oynayıb.

Səfir qeyd edib ki, Gürcüstan vətəndaşı olan azərbaycanlılar da 20 yanvar faciəsinin qurbanı olub və onların xatirəsi hər il ehtiramla yad edilir. O vurğulayıb ki, Gürcüstanda azərbaycanlı şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə bir sıra küçələrə onların adları verilib. Faiq Quliyev onu da qeyd edib ki, gələcəkdə də Gürcüstan vətəndaşı olan azərbaycanlıların adlarının əbədiləşdirilməsi istiqamətində Gürcüstan tərəfi ilə işçi əməkdaşlıq formatında fəaliyyətlər davam etdiriləcək: “Bu istiqamətdə Faxralı və Marneulidə küçələrə şəhidlərin adları veriləcək, büstlər, xatirə lövhələri quraşdırılacaq və bütün bu məsələlər yerli icra hakimiyyəti orqanları ilə işçi əməkdaşlıq formatında həllini tapacaq. Həm 9 Aprel, həm də 20 Yanvar şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində paralel iş aparılmalıdır”.

Səfir bildirib ki, qısa müddətdə həm Gürcüstan xalqına, həm də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə beynəlxalq səviyyədə hüquqi siyasi qiymət veriləcək və səbəbkarlar cəzalandırılacaq.

Tədbirdə iştirak edən Gürcüstan xarici işlər nazirinin müavini Aleksandr Qvitsiaşvili də tədbirin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, həlak olan şəxslərin göstərdiyi böyük fədakarlıq sayəsində hər iki dövlət müstəqillik əldə edib. Nəticədə bu hadisələr ölkələrin müstəqilliyinin simvoluna çevrilib. Nazir müavini qeyd edib ki, Gürcüstan Azərbaycanı tarixi dost kimi qəbul edir və əlaqələrin bu səviyyədə olması məmnunluq verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR