Gürcüstanlı deputat: “Azərbaycanla münasibətlərimiz regional əməkdaşlığın nələrə qadir olduğunu əyani şəkildə ifadə edir”

Gürcüstanlı deputat: “Azərbaycanla münasibətlərimiz regional əməkdaşlığın nələrə qadir olduğunu əyani şəkildə ifadə edir”
  • Clock-gray 17:23
  • calendar-gray 23 Oktyabr 2020

“Azərbaycan-Gürcüstan münasibətləri regional əməkdaşlığın nələrə qadir olduğunu çox əyani və örnək bir şəkildə ifadə edir”.

Bunu APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Mahir Dərziyev deyib.

O bildirib ki, hər iki ölkənin hökuməti xalqların ictimai sifarişinə, iradəsinə uyğun olaraq ölkələr arasında dostluq və tərəfdaşlıq əlaqələrini möhkəmləndirir: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində Gürcüstan-Azərbaycan münasibətlərinə verdiyi yüksək qiymət Gürcüstanda həm siyasi dairələr, həm geniş ictimaiyyət və media tərəfindən böyük rəğbət və razılıqla qarşılanıb. Doğrudan da Azərbaycan-Gürcüstan münasibətləri strateji səciyyə daşıyır, bütün sahələrdə yüksələn xətlə uğurla inkişaf edir. Elə son dövrlərdə həyata keçirilmiş mühüm layihələr – Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələr bu əməkdaşlığın çox bariz, uğurlu nümunələridir. Bu gün Türkiyə və Azərbaycan Gürcüstanda iki ən böyük xarici investordur. Azərbaycanın investisiyalarının Gürcüstan iqtisadiyyatına çox böyük qatqıları var. Bu minlərlə yeni iş yeri, bizim büdcəmizə gələn milyonlarla vəsaitdir. Yeri gəlmişkən SOCAR Gürcüstanda ən böyük vergi ödəyicisidir. Bu gün Azərbaycan şirkəti SOCAR Gürcüstanda böyük layihələr həyata keçirir. Sosial layihələr təkcə azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsində deyil, Gürcüstanın demək olar ki, bütün regionlarını əhatə edir. Bir neçə gün bundan öncə Qabal kəndində uşaq bağçasının, Qızılhacılı kəndində idman kompleksinin təməl qoyma mərasimi oldu. Mən bunu da böyük razılıq hissi ilə qeyd etmək istəyirəm ki, bizim azərbaycanlı gənclərin təhsilində Azərbaycan dövlətinin qayğısını hər an hiss edirik. Bu həm bizim məktəblərə göstərilən maddi dəstək, həm məktəblərin təmiri və təchizatı, Gürcüstandakı Azərbaycan dilli məktəblərə göndərilən dərsliklər və eyni zamanda, ali məktəblərdə təhsil alan azərbaycanlı gənclərin təhsil haqlarının ödənilməsi və onlara verilən təqaüdlərdə də özünü göstərir”.

M. Dərziyev qeyd edib ki, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq bütün dünya ölkələri üçün nümunədir və bu nümunə əsasında Ermənistan kimi əsassız ərazi iddiaları ilə regional əməkdaşlıqdan kənarda qalan ölkələri nələrin gözlədiyini daha yaxşı anlamaq mümkündür: “Bir məqamı mən xüsusi ilə vurğulamaq istəyirəm. Cənab Prezident də öz müsahibəsində çox dəqiqliklə və dərindən ifadə edib ki, Azərbaycan-Gürcüstan münasibətləri həm də regional əməkdaşlığın nələrə qadir olduğunu çox əyani və örnək bir şəkildə ifadə edir. Bu gün mən gürcü dostlarımdan tez-tez eşitdiyim bir ifadəni demək istəyirəm – onlar bildirirlər ki, bu gün biz Avropaya enerji ötürülməsində, tranzit layihələrində bir çox uğurlar əldə etmişik, amma Azərbaycanın və Gürcüstanın dostluğu bizim ən böyük ixrac potensialımızdan biridir. Onu demək yerinə düşər ki, bu gün Ermənistanın öz qonşularına yersiz və əsassız ərazi iddiaları nəticəsində bu regional əməkdaşlıqdan kənar qalması, düşdüyü bu bədnam vəziyyət ölkədəki iqtisadi və demoqrafik vəziyyətin pis olması bir daha göstərir ki, regional əməkdaşlıqdan kənar qalmaq ölkələri hara aparır. Yəni, mahiyyət etibarilə regional əməkdaşlıqdan kənarda qalan Ermənistan bir növ çıxılmaz bir vəziyyətə düşüb. Mən əminəm ki, bütün sahələrdə inkişaf edən bu əməkdaşlığı qarşıda hələ yeni uğurlar gözləyir. Xüsusilə qeyd etmək istəyirəm ki, bizim iqtidarın dövründə bu əməkdaşlıq yeni bir vüsət kəsb edib. Qeyd edim ki, Gürcüstan-Azərbaycan dostluğu bizim xalqlarımızın ictimai sifarişidir. Yəni iqtidarlar xalqların ictimai sifarişini, iradəsini həyata keçirir. Bu gün Gürcüstan seçkilər ərəfəsindədir, bildiyiniz kimi, Gürcüstan parlament respublikasıdır və bu seçkilər nəticəsində hakimiyyətə gələn partiya hökuməti təşkil edəcək. Mənim təmsil olunduğum iqtidarın həyata keçirdiyi böyük işlər sırasında həm də Azərbaycan-Gürcüstan dostluğuna verdiyi bir böyük töhfə də var. Təbii ki, bizim dostlarımız da var, düşmənlərimiz də. Azərbaycan-Gürcüstan dostluğuna yönəlmiş müəyyən təxribatlar, müəyyən qüvvələrin əməlləri var – bunu bilirsiniz. Amma, bizim iqtidar bunların hamısını dəf edib və dəfələrlə ən yüksək səviyyələrdə bəyan ediblər ki, dostlar arasında həll olunmayacaq məsələ yoxdur və Azərbaycan-Gürcüstan dostluğuna heç nə kölgə sala bilməz”.

Səid Babazadə

Digər xəbərlər