Hikmət Hacıyev: “BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə dair xüsusi iclasının keçirilməsi təklifi qlobal məsuliyyətin bir formasıdır”

Hikmət Hacıyev: “BMT Baş Assambleyasının COVİD-19-la mübarizəyə dair xüsusi iclasının keçirilməsi təklifi qlobal məsuliyyətin bir formasıdır”
# 13 may 2020 17:57 (UTC +04:00)

“Qoşulmama Hərəkatının videokonfrans formatında keçirilən dövlət və hökumət başçılarının Zirvə toplantısında dövlətimizin başçısı BMT Baş Assambleyasının prosedur qaydalarına və BMT Baş Assambleyasının Nizamnaməsinin 20-ci maddəsinə uyğun olaraq xüsusi sessiyasının keçirilməsi təşəbbüs ilə çıxış etdi”.

APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Nizamnamədə və BMT Baş Assambleyasının fəaliyyət qaydalarına dair prosedurlarda belə xüsusi sessiyaların keçirilməsi mexanizmi var: “Məhz Azərbaycan Respublikası da dövlətimizin başçısının şəxsində bu təşəbbüslə çıxış edib ki, Baş Assambleyanın xüsusi sessiyası COVİD-19-la mübarizəyə həsr olunmalıdır. Bu təşəbbüs Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənib və bundan irəli gələrək və prosedur qaydalarına uyğun olaraq növbəti addımlar atılmaqdadır”.

H. Hacıyev qeyd edib ki, Azərbaycan Respublikasının bu təşəbbüsü bilavasitə qlobal həmrəyliyə, qlobal əməkdaşlığa xidmət edir və eyni zamanda qlobal məsuliyyətin bir formasıdır: “Azərbaycan Respublikası hesab edir ki, indiki şəraitdə çoxtərəfli diplomatiyaya, yəni multilateralizmə böyük ehtiyac var. Dünya dövlətlərinin bir araya gəlməsi və birgə səylər, həmçinin BMT və onun aparıcı strukturlarının səyləri bu mübarizdə ən lazım və ehtiyac duyulan məramlardan biridir. Azərbaycan Respublikasının da həyata keçirdiyi siyasət də, dövlət başçımızın təşəbbüsləri də bu mərama xidmət edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR