Hikmət Hacıyev: Ermənistanın işğal olunmuş torpaqlarımızda uzun illər həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin növbəti sübutları üzə çıxıb

Hikmət Hacıyev: Ermənistanın işğal olunmuş torpaqlarımızda uzun illər həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasətinin növbəti sübutları üzə çıxıb
# 07 noyabr 2020 20:00 (UTC +04:00)

"Ermənistan həmişə işğala əsaslanan status-kvonu möhkəmləndirmək və Azərbaycan torpaqlarını ilhaq etmək siyasəti həyata keçirib. Bu məqsədlə işğal olunmuş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşdırma siyasəti aparılıb. Bununla da Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozub və müharibə cinayətləri törədib". Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi qeyd edib ki, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərimizə göndərilmiş fakt araşdırıcı missiyaları da Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni məskunlaşdırma siyasətini təsdiqləyib: " Missiyanın hazırladığı hesabatda qeyd olunub ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşdırmanın aparılması münaqişənin həllinə ziyan vurur və onun qarşısı alınmalıdır. Bu ilin sentyabr ayında Şuşa şəhərinə Livandan olan erməni əsilli ailənin yerləşdirilməsi erməni kütləvi informasiya vasitələri və sosial şəbəkələr vasitəsilə ətraflı şəkildə işıqlandırılmışdır. Bu günlərdə “BBC”-nin rus bölməsi tərəfindən işğal olunmuş ərazilərimizə qanunsuz köçürülmüş 300 nəfər Livan ermənisinin yaşadığı qəsəbə haqqında reportaj hazırlanmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 24 sentyabr tarixində BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı bir daha beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasətinə yönəltmişdir.

Təəssüf ki, ölkəmizin beynəlxalq hüquqa əsaslanan haqlı iradlarına baxmayaraq beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri qeyri-qanuni məskunlaşdırma siyasətinə reaksiya verməmiş və faktiki olaraq yaranmış vəziyyətə göz yummuşlar. Ermənistan isə belə yanaşmadan və cəzasızlıqdan daha da ruhlanaraq özünün qanunsuz məskunlaşdırma siyasətini davam etdirmişdir".

H. Hacıyev bildirib ki, rəşadətli Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad etdikcə Ermənistanın çoxsaylı müharibə cinayətlərinin üstü bir-bir açılır: " Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanmışdır. Həmin materiallar arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşdırma prosesində Zəngilan rayonu ərazisinə köçürülmüşdür.

Beləliklə, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızda uzun illər həyata keçirilmiş qanunsuz məskunlaşdırma siyasətinin növbəti sübutları üzə çıxmışdır. Əminik ki, yeni ərazilərimiz işğaldan azad edildikcə bu tipli sübutların sayı daha da artacaq.

Təəssüf ki, son vaxtlar məqsədli şəkildə Azərbaycan tərəfində guya silahlı muzdluların döyüşməsi barədə faktlara əsaslanmayan feyk xəbərlər yayılır. Lakin konkret sübutlar olduğu halda, Ermənistanın işğal edilmiş Azərbaycan ərazilərində həyata keçirdiyi qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı heç bir bəyanat verilmir.

Biz dünya ictimaiyyətindən, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən bu kimi faktlara lazımi reaksiyanın verilməsini gözləyirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR