Hindistanın hakim partiyasının rəhbər üzvü: "Ermənistanın mülki əhaliyə qarşı terrorçu hücumlarını pisləyirik"

Hindistanın hakim partiyasının rəhbər üzvü: "Ermənistanın mülki əhaliyə qarşı terrorçu hücumlarını pisləyirik"
# 23 oktyabr 2020 15:31 (UTC +04:00)

Hindistanın hakim Bharatiya Canata Partiyasının rəhbər üzvü, İCAP Daimi Komitəsinin üzvü doktor Vicay Colli Azərbaycan Respublikasının Baş nazirinin müavini, YAP-ın Sədr müavini – İcra katibi Əli Əhmədova, işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycanın apardığı mübarizə ilə həmrəy olduğu barədə məktub göndərib.

Bu barədə APA-ya Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən bildirilib.

Məktubda Vicay Colli Əli Əhmədovun İCAPP Daimi Komitəsinin üzvü kimi ona yolladığı və Ermənistanın siyasi və hərbi rəhbərliyinin Azərbaycanın dinc vətəndaşlarına qarşı insanlıq əleyhinə cinayətləri barədə məlumatlandıran məktubunu aldığını qeyd edib. Doktor Vicay Colli məktubda bildirir: “Məktəblilər də daxil olmaqla 60 mülki şəxsin ölümünə, 250-dən artıq insanın yaralanmasına, 2000-dən artıq evin dağıdılmasına səbəb olan cinayətkar hücumlar qəzəb doğurur və qeyri-insanidir.

Bu cür qəddar əməllər insanlığa qarşı cinayətdir. Razılaşırıq ki, bu əməllər beynəlxalq hüququn bütün norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını və Əlavə Protokollarını, həmçinin, 10 oktyabr 2020-ci ildə qüvvəyə minən humanitar atəşkəsin prinsiplərini pozur.

Biz Ermənistan hərbçiləri tərəfindən mülki əhaliyə qarşı bu cür terrorçu hücumları pisləyirik. Yeni Azərbaycan Partiyası ilə həmrəyliyimizi ifadə edirik.”

Qeyd edək ki, doktor Vicay Colli Hindistanın hakim Bharatiya Canata Partiyasının Tripura ştatı departamentinin rəhbəri, sonra isə BJP-nin xarici əlaqələr üzrə məsul şəxsi olub. O hazırda partiyada rəhbər şəxs, eyni zamanda BJP-nin təmsilçisi kimi İCAPP Daimi Komitəsinin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR