Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyi onlayn tədbir keçirib

Hindistanın müstəqilliyinin 75-ci ildönümü ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyi onlayn tədbir keçirib
# 30 mart 2021 18:09 (UTC +04:00)

Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması çərçivəsində təşkil olunan tədbirlərin tərkib hissəsi kimi bu ölkənin Bakıdakı səfirliyi onlayn tədbir təşkil edib.

Bu barədə APA-ya Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Hindistan səfiri Bavitlunq Vanlalvavna çıxış edib. Səfir Hindistanın azadlığı uğrunda mübarizə aparan döyüşçülərin fədakarlığını qeyd edərək bu fədakarlıqlar sayəsində demokratik qurumların illər keçdikcə onun ölkəsində inkişaf etdiyini və gücləndiyini deyib.

Səfir, həmçinin Hindistanın qlobal iqtisadiyyatda payının artırılmasında Atmarnirbhar Bharat kampaniyasının verdiyi əhəmiyyətdən bəhs edib.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı və Azərbaycan-Hindistan parlament əlaqələri üzrə İşçi Qrupunun rəhbəri Naqif Həmzəyev qeyd edib ki, Hindistan ən böyük konstitusiya respublikasıdır. Bu ölkənin iqtisadiyyatı dünyanın ən sürətli böyüyən iqtisadiyyatıdır və iqtisadiyyatın artım nisbəti təxminən 7,5%-dir. O bildirib ki, Hindistanın aktiv xarici siyasəti və ikitərəfli və çoxtərəfli səviyyələrdə diplomatik əlaqələri var. Milli Məclisin deputatı Azərbaycanla Hindistan arasında mövcud olan ikitərəfli münasibətlərin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

N.Həmzəyev deyib ki, Hindistan və Azərbaycanın sivil əlaqələri, mədəni yaxınlıqları və digər mədəniyyətlərə hörmət və anlaşma dəyərlərinə əsaslanan dostluq əlaqələri və inkişaf edən ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.

Proqram zamanı İkinci katib Suceş Çandra Sinha tərəfindən Hindistanın əldə etdiyi müvəffəqiyyətlərə dair təqdimat edilib. Azərbaycandakı Hindistan diasporasının rəhbərləri Jacob Mathew, Anand Menon və Srucana Çandra Hindistanın müstəqilliyinin 75-ci ildönümünün qeyd olunması ilə əlaqəli mövzularda çıxış ediblər.

Qeyd edək ki, Hindistan hökuməti 15 avqust 2022-ci il tarixində müstəqilliyinin 75-ci ildönümünü qeyd edəcək və Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə keçirilən tədbirlər müstəqilliyin 75 illiyinin qeyd olunacağı 15 avqust 2022-ci il tarixindən 75 həftə əvvəl başlayıb. Tədbirlər 15 avqust 2023-cü ilə qədər davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR