“İMZA” İctimai Birliyi Xocalı soyqırımına həsr olunmuş ilk beynəlxalq konfrans keçirib - FOTO

“İMZA” İctimai Birliyi Xocalı soyqırımına həsr olunmuş ilk beynəlxalq konfrans keçirib - FOTO
# 27 fevral 2021 21:04 (UTC +04:00)

“İMZA”-İlhamla Mehribanla Zirvələrə Azərbaycan Sosial İnkişafa Dəstək İctimai Birliyi Xocalı soyqırmının dünyada tanıdılmasına həsr olunmuş ilk beynəlxalq onlayn konfransını keçirib.

Birliyin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Elnar Məmmədlinin APA-ya verdiyi məlumata görə bu, dünyanın ondan artıq ölkəsindən yüzdən çox iştirakçının qatıldığı tədbir dövlət himnimizin ifası ilə başlayıb.

Sonra Xocalı qətliamı zamanı, həmçinin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb, faciədən bəhs edən videoçarx nümayiş etdirilib.

“İMZA”nın Yerli və beynəlxalq layihələr departamentinin direktoru, layihənin müəllifi Emil Bayramov erməni faşizminin növbəti qurbanı olmuş Xocalı və onun günahsız dinc sakinlərinin faciəsi barəsində məlumat verdi. Dedi ki, bu soyqırımı cinayətini törədən Ermənistan faktiki olaraq dövlət səviyyəsində terror siyasəti yürüdən ölkə olduğunu sübut edib.

Sonra beynəlxalq konfransın moderatoru Elnar Məmmədli iştirakçılara İctimai Birliyin bu layihəsinin məqsədi barəsində məlumat verib. Bildirib ki, konfrans 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı və bu illər ərzində uğurla reallaşdırılan “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına dəstək məqsədi ilə keçirilir.

Siaysi elmlər doktoru, professor Elçin Əhmədov ümumbəşəri cinayətin motivləri, düşmən ölkənin qanlı qəddarlıq aktının detalları, erməni dövlətinin terrorçu mahiyyəti haqqında müfəssəl məlumat verib. O, hadisənin bütün parametrlərinə görə əsl soyqırımı cinayəti olduğunu əsaslandırıb. Azərbaycan Parlamentinin deputatları Ramil Həsən və Naqif Həmzəyev “İMZA”nın belə bir beynəlxalq konfrans keçirmək təşəbbüsünü yüksək qiymətləndiriblər. Çıxışlar zamanı Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılmasına tədbirin ciddi dəstək verəcəyi bildirilib: “1992-ci il fevral ayının 26-da baş vermiş bu bəşəri cinayətdən dərhal sonra bölgədə olmuş jurnalistlərdən biri, litvalı Riçard Lapaitis ermənilərin bu gün də Xocalıda törətdikləri cinayəti ört-basdır etməyə, yalan məlumatları ilə məsuliyyətdən yayınmağa çalışdıqlarını söyləyib. Onların ən böyük yalanlarından biri guya Xocalının dinc sakinlərinin şəhəri tərk etmələri üçün açdıqları dəhliz barəsində dedikləridir. Bu ağ yalan və əsl erməni riyakarlığıdır”.

Politoloq, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsrail təmsilçisi Arye Qut, TÜRKSAM sədri Sinan Oğan, Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Aygün Attar, qardaş ölkənin Gənc MÜSİAD təşkilatının idarə heyətinin sədri Yunus Furkan Akbal, jurnalist, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Ukrayna nümayəndəsi Marina Qonçaruk çıxışlarında soyqırımının beynəlxalq tanıtımı üçün sistemli mübarizə aparmağın əsasını qoymuş “Xocalıya ədalət” kampaniyasına daha çox dəstək verməyin zəruriliyini vurğulayıblar. Bildirilib ki, bu gün kampaniya dünyada çox tanınıb və fəaliyyəti də effektivdir.

Məhz bu kampaniya və dövlətimizin düzgün strateji məlumatlandırma siyasəti nəticəsində dünyanın ondan artıq dövləti Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb. Ona görə də Ermənistan bu kampaniyanın uğurlarından çox ciddi narahatlıq keçirir.

Alman faşistlərinin İkinci Dünya müharibəsi zamanı Florensiya regionunda həyata keçirdikləri soyqırımı cinayəti ilə Xocalı qətliamını müqayisə edən italiyalı jurnalist Karlo Marino bəşəriyyətə çağırış edib. Deyib ki, alman faşistləri cəzalarını artıq alıblar, indi beynəlxalq tribunalda cəzalandırılmaq “növbə”si Xocalı canilərinindir.

Fransalı tanınmış tarixçi Maksim Quən isə tarixə ekskursiya edərək ermənilərin ötən əsrin əvvəllərində törətdikləri qırğınlar barəsində danışıb. Xocalıya qədər misli görünməmiş vəhşiliklərə, insan faciələrinə səbəb olmuş faşist erməni ideologiyasının daşıyıcılarının cəzasız qalmalarının gələcəkdə daha böyük bənzər faciələrə yol aça biləcəyini söyləyib.

Onun həmyerlisi, rəssam Reno Baltzinqer isə 11 il ərzində çəkdiyi Xocalı rəsm əsərlərindən bəhs edib. Azərbaycanlıların, dünyanın vicdanlı insanlarının bu əsərləri böyük məhəbbətlə qəbul etdiklərini məmnunluqla vurğulayan rəssam məqsədinin günahsız və məsum xocalıların fəryadını dünyaya çatdırmaq olduğunu ifadə edib.

Pakistanlı jurnalist Malik Əyyub Sumbal yazdığı və yeni çapdan çıxmış “Tovuzdan Qarabağa” adlı əsərində erməni vandalizminə detallı toxunduğunu, Xocalı üçün bir gün mütləq ədalətin bərqərar olacağına tam əmin olduğunu deyib.

Rusiyalı politoloq Sergey Markov erməni cinayətkarlarının bu günə qədər cəzasız qalmalarının yolverilməzliyini, onların hər biri üçün beynəlxalq tribunal qurulmasının ümumbəşəri ədalət prinsiplərinə tam uyğun olacağını arqumentlərlə əsaslandırıblar.

Politoloq İqor Korotçenko isə yaxın gələcəkdə Rusiyanın yeni seçiləcək parlamentinin Xocalı soyqırımını rəsmən tanımasının zəruri olduğunu bəyan edib. Almaniya Azərbaycanlıları Koordinasiya Şurasının Əlaqələndiricisi Yaşar Musayev, “TOBB” İstanbul Gənc Təşəbbüskarlar Birliyinin və Gənc MÜSİAD təşkilatının idarə heyətlərinin sədr müavini Erdem Dereli, Nigeriyada Azərbaycanın Dostları Təşkilatının təsisçisi və prezidenti Billurə Bernard Bayramova, Norveçdə yaşayan soydaşımız, modelyer və CAN təşkilatının sədri Şervin Nəcəfpur, Avstraliya Azərbaycan Assosasiyasının üzvü, hüquqşünas Cesika Oyta Xocalıya ədalətə nail olunana qədər mübarizəmizin davam edəcəyini, daha sistemli və əzmkar fəaliyyətin davam etdirilməsinin səmərəli olacağına tam əminliklərini bildiriblər.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin “Bir millətin iki diasporu ola bilməz. Birgə fəaliyyət göstərilməlidir” - tövsiyələri xatırladılıb.

Türk və Azərbaycan diasporlarının sıx təmaslarının, əməkdaşlığının Xocalı həqiqətlərinin beynəlxalq tanıtımına ciddi dəstək verdiyi məmnuniyyətlə qeyd olunub.

Beynəlxalq konfransın iştirakçıları 44 günlük Vətən savaşında Azərbaycanın qazandığı tarixi qələbə münasibəti ilə bütün xalqımıza öz təbriklərini çatdırıblar.

Sonda konfransın moderatoru ölkəmizin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Xocalı soyqırımı ilə əlaqədar etdiyi paylaşımı səsləndirilib.

Tədbir iştirakçıları bu səpkili beynəlxalq tədbirlərin davamlı keçirilməsinin vacibliyini vurğulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR