İƏT-in Parlament İttifaqı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

İƏT-in Parlament İttifaqı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
# 26 fevral 2021 18:37 (UTC +04:00)

​Daim Azərbaycana dəstək verən, Xocalı soyqırımını tanıyan İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı bəyanat verərək sənədi qurumun rəsmi saytında (en.puic.org) yayımlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bəyanatda Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğal olunmasından və mülki əhaliyə qarşı törədilən soyqırımından 29 il ötdüyü qeyd olunur. Bildirilir ki, həmin gecə sağ qalmaq üçün ən yaxın təhlükəsiz bölgəyə qaçmağa çalışan mülki şəxslər pusquya salınaraq vəhşicəsinə öldürülüb, bir qismi isə girov götürülüb.

Xocalı soyqırımı qurbanlarına dair rəsmi faktların qeyd olunduğu bəyanatda yazılır ki, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib: müxtəlif şəkildə diri-diri yandırılıb, başları kəsildi və ya gözləri çıxarılıb, hamilə qadınların qarnına süngü saplanıb, şəhər yerlə-yeksan edilib.

Bəyanatda vurğulanır ki, Xocalı şəhərində azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş çoxsaylı hərbi cinayətlər, o cümlədən soyqırımı cinayəti beynəlxalq hüquq normalarına, humanitar və insan hüquqlarına ziddir, 1949-cu il Cenevrə Konvensiyası müddəalarının və bu qisimdən olan bir sıra qanunvericilik aktlarının ciddi şəkildə pozulması ilə müşayiət olunub.

Bildirilir ki, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi bu cinayətə hüquqi-siyasi qiymət verib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq miqyasda həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünyaya yayılması və bu faciənin tanınması istiqamətində məqsədyönlü addım olub.

Məlumat verilir ki, Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktı ilə bağlı müvafiq qərarlar qəbul edilib. Pakistan, Meksika, Bosniya və Herseqovina, Çexiya, İordaniya, Peru, Kolumbiya, Paraqvay, Honduras, Əfqanıstan, İndoneziya və digər ölkələrin parlamentlərində müzakirə olunaraq bu cinayəti pisləyən siyasi sənədlər qəbul edilib, Xocalı soyqırımı tanınıb. Bəyanatda vurğulanır ki, Xocalı soyqırımı İslam Əməkdaşlıq Təşkilatı tərəfindən də rəsmən tanınıb və qınanılıb.

İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının yaydığı bəyanatda qeyd olunur ki, 27 sentyabr 2020-ci il tarixində başlanan əks-hücum əməliyyatı ilə Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad etdi. 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarılıb. Beləliklə, ölkənin ərazi bütövlüyü bərpa olunub.

Bəyanatın yekununda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir daha yad edilir, onlara Allahdan rəhmət diləkləri bildirilir. Beynəlxalq hüququn norma və prinsiplərinə istinadən ümid ifadə olunur ki, gec-tez ədalət öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər layiqli cəzalarını alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR