İran XİN başçısının müavini: “Azərbaycan bizim üçün önəmli ölkədir”

İran XİN başçısının müavini: “Azərbaycan bizim üçün önəmli ölkədir”
# 01 mart 2021 12:54 (UTC +04:00)


“Azərbaycan İran üçün çox önəmli və əhəmiyyətli ölkədir”.

APA-nın Tehran bürosunun xəbərinə görə, bunu İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı İranın Qum şəhərində keçirilən Qarabağa həsr olunmuş beynəlxalq konfransında deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətləri yüksək səviyyədədir və iki ölkə arasında bu münasibətlərin davam etdirilməsi üçün addımlar atılır: “Bu münasibətlər yaxşı qonşuluq siyasəti çərçivəsində aparılır”.

Nazir müavini bildirib ki, iki ölkə arasında müxtəlif sahələrdə birgə layihələr icra olunub və olunmaqdadır: “Səhiyyə turizmi və sərhəd mübadilələrini buna misal göstərmək olar”.

O əlavə edib ki, Qarabağ münaqişəsi başlanandan İran Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsini dəstəkləyib: “İran həmişə Azərbaycan ərazilərinin işğalına qarşı olub. Bunun bariz nümunəsi Xudafərin su bəndinin inşa edilməsi ilə əlaqədar Azərbaycanla İran arasında müqavilənin imzalanmasını göstərmək olar. Bu su bəndi inşa edildiyi zaman işğal olunmuş ərazilərdə idi. Azərbaycanla İran arasındakı müqavilə İranın Ermənistanın işğalçılığına qarşı olduğunu göstərir. Bununla əlaqədar Ermənistan tərəfi ilə müzakirə aparıldı və onların su bəndi ərazisini tərk etmələri və heç bir müdaxilə etməmələri istənildi. Artıq bu su bəndi İran və Azərbaycan münasibətlərinin simvoluna çevrilib”.

Qeyd edək ki, bu gün İranın Qum şəhərində Qarabağa həsr olunmuş beynəlxalq konfrans keçirilir. Konfransa İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi, Qum Dini Elmlər Seminariyasının müdiri Əlirza Ərafi, İranın Məsləhət Şurasının katibi Möhsün Rzayi, İranın və Azərbaycan parlamenti dostluq qrupunun sədri Əli Nikzad, Belarus, Rusiya, Gürcüstan, Ukrayna nümayəndələri qatılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR