“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"

“Israel Hayom” qəzeti: "Xocalıya ədalət tələb edirik"
# 27 fevral 2021 13:52 (UTC +04:00)

İsrailin ivritdilli aparıcı nəşri olan “Israel Hayom” qəzetində “Azərbaycanlılar Xocalıda ermənilər tərəfindən törədilmiş qanlı qırğını heç vaxt unutmayacaq” sərlövhəli məqalə dərc olunub.

APA xəbər verir ki, israilli jurnalist Din Şmuel Elmasın müəllifi olduğu məqalədə qeyd edilir ki, həmin qanlı soyqırımı aktı zamanı Xocalı sakinləri şəhəri tərk etməyə çalışıb, lakin erməni silahlı dəstələri Xocalını gülləbaran ediblər: “Azərbaycanlı dinc sakinlər erməni silahlı dəstələri tərəfindən gülləbaran edilib. Ermənilər bu sakinləri xüsusi qəddarlıqla öldürürdü. Bu vandalizm aktı nəticəsində Xocalının 613 sakini həlak olub, 487 nəfər yaralanıb, 1275 adam əsir düşüb. 150 nəfərin sonrakı taleyi barədə hələ də məlumat yoxdur”.

Müəllif Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hər il olduğu kimi bu il də Xocalı hadisəsini qeyd etdiyini və Ankara ilə Bakı arasında əlaqənin sarsılmaz olduğunu bildirdiyini yazıb:

“Mən Azərbaycan xalqına başsağlığı verirəm”, - deyən Prezident Ərdoğan daha sonra əlavə edib: “Biz bir millət, iki dövlətik. Biz Azərbaycanı dəstəkləməkdə davam edəcəyik”.

Məqalədə qeyd olunub ki, Ərdoğanın sözçüsü İbrahim Kalın deyib: “Biz bu amansız qırğın zamanı qətlə yetirilənləri heç vaxt unutmayacağıq və onların unudulmasına imkan verməyəcəyik”.

Din Şmuel Elmas yazır ki, Türkiyə XİN bəyanatla çıxış edib. Bəyanatda “Biz bilirik ki, Xocalıda törədilmiş dəhşətli soyqırımı aktının vurduğu yaralar hələ sağalmayıb. Biz Azərbaycanın dərdinə şərik olduğumuzu bildiririk” deyə qeyd olunub: “Türkiyə XİN rəhbəri deyib: “Xocalıda insanlığa qarşı törədilmiş cinayəti unutmamışıq və unuda bilmərik”.

Məqalə müəllifi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözlərini sitat gətirir: “Biz Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq”.

İsrail-Azərbaycan münasibətləri üzrə tanınmış ekspert, “İsraildə Azərbaycan Evi”nin rəhbəri Arye Qut “Israel Hayom” nəşrinə müsahibəsində bildirib ki, azərbaycanlı qaçqınların öz əzəli torpaqlarından qovulması İkinci Dünya müharibəsindən sonra Avropada dinc əhalinin ən kütləvi şəkildə qovulması hadisələrindən biri idi: “Xocalı ermənilər tərəfindən vəhşicəsinə qəddarlıqla Azərbaycan torpaqlarında aparılmış amansız etnik təmizləmənin nəticəsi oldu. Qadınlara, qocalara və uşaqlara münasibətdə bu qeyri-insani qəddarlığı heç cür anlamaq mümkün deyil. Xocalıda qətlə yetirilmiş insanların yeganə “təqsiri” onların azərbaycanlı olmaları idi”.

Arye Qut bildirib ki, uzun müddət hakimiyyətdə qalmış, bu gün isə erməni siyasi isteblişmentinin tərkib hissəsi kimi qalan sabiq prezident Serj Sarkisyanın və digər sabiq prezident Robert Koçaryanın beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunması tələb edilir: “Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik – bu canilər beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Cinayət cəzasız qalmamalıdır. Biz Xocalıdakı qanlı hadisələrin bir daha təkrarlanmasını istəmirik. Biz Xocalıya ədalət tələb edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR