İtaliyalı parlamentarilərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları davam edir

İtaliyalı parlamentarilərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları davam edir
  • Clock-gray 17:07
  • calendar-gray 15 İyul 2020

İtaliya parlament üzvləri tərəfindən 12 iyul tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində həyata keçirdiyi təxribatlarını və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar davam etməkdədir.

Bu barədə APA-ya Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə açıqlamasında İtaliya Senatının “Yaşasın İtaliya” partiyasından olan üzvü, senator Mauro Maria Marino bildirib ki, indiki saatlarda Ermənistan-Azərbaycan sərhədində baş verən şiddətli silahlı qarşıdurmalar 1990-cı illərdən davam edən və minlərlə insanın ölümünə səbəb olan yeni, qəbuledilməz münaqişənin alovlanması riskini artırır: “Biz hazırkı gərginliyə səbəb olan və ölkələrin suverenliyinin, sərhədlərin toxunulmazlığının və beynəlxalq hüquq prinsiplərinin əhəmiyyətini şübhə altına alan Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması və təxribatlara əl atmasını pisləyirik. Beynəlxalq ictimaiyyətin dağıdıcı müharibənin dərhal dayandırılması və sülh danışıqlarının bərpa edilməsi məqsədilə müdaxilə etməsi vacibdir. İki ölkə arasında mövcud münaqişənin sülh yolu ilə həll olunması istiqamətində səy göstərmək və bu zorakılığa məruz qalan mülki əhali ilə həmrəylik nümayiş etdirmək məqsədilə İtaliya hökumətinə səslənirik”.

İtaliya Deputatlar Palatasının Xarici əlaqələr komissiyasının üzvü, “İrəli İtaliya” partiyasından olan deputat Osvaldo Napoli isə İtaliyanın “Askanews” xəbər agentliyinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan arasında son üç gün ərzində baş verən silahlı qarşıdurma Azərbaycan tərəfdən 1 mülki şəxs və 1 general da daxil olmaqla, ümumilikdə hər iki tərəfdən ən azı 16 nəfərin ölümünə səbəb olub.

Deputat əlavə edib ki, iki ölkə arasındakı qarşıdurma hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ regionu ilə əlaqədar 1994-cü ildə başlayıb və münaqişə müəyyən nisbi fasilələrlə dörddə bir əsrdir ki davam edir.

Deputat qeyd edib ki, Avropa öz səsini eşitdirməli və Azərbaycan xalqının qanuni haqlarını və hər iki ölkənin ərazi bütövlüyünün qorumasını təmin edən diplomatik həll tapılmalıdır.

Xatırladaq ki, bundan öncə Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, 5 Ulduz Hərəkatı partiyasından olan senator Vito Petroçelli, İtaliya Respublikasının Nazirlər Şurasının Parlamentlə Əlaqələr üzrə dövlət katibi, 5 Ulduz Hərəkatı partiyasından olan senator Canluka Kastaldi, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, Liqa partiyasından deputat Paolo Qrimoldi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, Liqa partiyasından senator Stefano Luçidi, İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, Liqa partiyasından deputat Rossana Boldi və İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədr müavini, senator Maria Rizzotti də oxşar bəyanatlarla İtaliya mətbuatına açıqlamalar veriblər.

apa-logo-mini

Digər xəbərlər