Kolumbiya mətbuatında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub

Kolumbiya mətbuatında “Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə” adlı məqalə dərc olunub
  • Clock-gray 05:00
  • calendar-gray 20 İyul 2020

Kolumbiyanın geniş auditoriya kütləsinə malik olan "Diariolaeconomia.com" internet portalında "Azərbaycan pandemiya ilə mübarizə aparan və işğallarla üzləşən bir ölkə" adlı məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycanın qədim tarixə malik olduğu bildirilir, ölkəmizin Qafqazda təbii ehtiyatlarla ən zəngin ölkə olduğu diqqətə çatdırılır. Azərbaycanda kənd təsərrüfatının inkişafından, geniş turizm imkanlarından və iqtisadiyyatın şaxələndirməsindən bəhs edilərək onun böyük investisiyalar məkanı olduğu qeyd olunur.

Yazıda Azərbaycan Respublikasının Kolumbiya Respublikasındakı səfiri Məmməd Talıbovla müsahibəyə istinad edilərək, koronavirus epidemiyasının bütün dünya iqtisadiyyatı üçün böyük problemlər yaratdığı, Azərbaycanın öz gücü ilə bu xəstəliyin fəsadları ilə inamla mübarizə apardığı qeyd olunur. Pandemiya ilə əlaqədar ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasətin həyata keçirilməsi nəticəsində vəziyyətin nəzarətdə saxlanıldığı, karantin rejiminin tətbiq edildiyi və bu sayədə xalqımızın böyük itkilər yaşamadığı diqqətə çatdırılır.

Məqalədə, həmçinin Kolumbiyanın da üzvü olduğu Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsün irəli sürüldüyü və sözügedən təşəbbüsün BMT-nin 130-dək üzv dövləti tərəfindən dəstəkləndiyi xüsusi olaraq vurğulanır.

Səfir M.Talıbovun sözlərinə istinad edilərək, aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın son 20-25 il ərzində böyük uğurlar qazandığı, iqtisadi inkişaf sahəsində davamlı və məhsuldar dinamika nümayiş etdirdiyi qeyd olunur. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz dəhlizi kimi beynəlxalq və regional layihələrin əsas təşəbbüskarı və iştirakçısı kimi çıxış etdiyi, habelə iri infrastuktur layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi irimiqyaslı layihələrlə strateji mərkəzə çevrildiyi  bildirilir.

Məqalədə Azərbaycan ilə Latın Amerikası ölkələri, o cümlədən Meksika və Kolumbiya arasında bir çox sahələrdə ikitərəfli faydalı əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edilir və buna nümunə kimi Azərbaycanın simvolu olan nar ağaclarının Kolumbiyaya idxal olunması göstərilir.

Müsahibədə həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edilərək, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunduğunu, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi diqqətə çatdırıllr. İyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan istifadə edərək Ermənistan-Azərbaycan sərhədində yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı növbəti hərbi təcavüz aktı törətdiyi qeyd olunur. Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qətnamələrinin (822, 853, 874, 884) Ermənistan tərəfindən hələ də icra edilmədiyi oxucuların diqqətinə çatdırılır. Həmçinin, Kolumbiya Senatının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, eləcə də Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanat verdiyi vurğulanır.

Məqalənin sonunda Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən müəllif, Kolumbiyalıları Azərbaycanla daha çox maraqlanmağa dəvət edir və Azərbaycanın əlverişli turizm məkanı olduğunu bir daha vurğulayır.

apa-logo-mini

Digər xəbərlər