Lavrov: “Azərbaycanla strateji əməkdaşlıq inkişaf edib”

Lavrov: “Azərbaycanla strateji əməkdaşlıq inkişaf edib”
# 17 yanvar 2020 17:29 (UTC +04:00)

“Ötən il Azərbaycanla strateji əməkdaşlıq bütün əsas sahələrdə ardıcıl şəkildə inkişaf edib”.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın Xarici İşlər naziri vəzifəsini icra edən Sergey Lavrov deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putinin açıq və etibarlı dialoqları ikitərəfli münasibətlərinin möhkəmlənməsinə böyük töhfə verib: “2019-cu ildə Azərbaycan və Rusiya prezidentləri arasında üç görüş keçirilib. Bu görüşlər aprelin 26-da Pekində “Bir kəmər, bir yol” forumunda, oktyabrın 3-də “Valday” forumunda və dekabrın 20-də MDB dövlət başçılarının qeyri-rəsmi görüşü çərçivəsində baş tutub”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın 2019-cu ilin 20-25 noyabr tarixlərində Moskvaya, ötən ilin aprel ayında isə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun Bakıya rəsmi səfər etdiyini xatırladan S. Lavrovun sözlərinə görə, iki ölkənin hökumət və parlamentlərarası əlaqələri aktiv şəkildə inkişaf edib.

“Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. 2019-cu ilin yanvar-oktyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 milyard ABŞ dolları olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə 25% çoxdur. Rusiya-Azərbaycan strateji əməkdaşlığını keyfiyyətcə daha fərqli səviyyəyə hədəflənmiş 5 yol xəritəsi uğurla reallaşdırılır. Aidiyyəti şöbələr tərəfindən innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığa dair yeni əlavə yol xəritəsinin hazırlanmasına başlanılıb. Hazırda Azərbaycanda 950 müştərək müəssisə fəaliyyət göstərir. Rusiya Azərbaycan iqtisadiyyatına 4,5 milyard ABŞ dolları həcmində, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1,5 milyard dollar həcmində investisiya yatırıb. Ənənəvi olaraq mədəni-humanitar və təhsil sahələrində müştərək layihələr yüksək səviyyədə həyata keçirilir. 2019-cu ildə Azərbaycanda Rusiya mədəniyyəti günləri və öz növbəsində Rusiyada Azərbaycan mədəniyyəti günləri keçirilib. Müxtəlif beynəlxalq arenalarda Bakı ilə uğurlu qarşılıqlı əlaqələr qururuq”, - deyə S. Lavrov vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR