MM sədri: "Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib"

MM sədri: "Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib"
# 15 yanvar 2021 16:49 (UTC +04:00)

Yanvarın 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, parlamentin sədri Amanullah Ceyhunun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcəyinə ümid etdiyini bildirib

Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

Spiker Sahibə Qafarova bildirib ki, ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Milli Məclisin Sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Əfqanıstanda Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsini qəbul edib. Cari ilin 13 yanvar tarixində isə qeyd edilən Qanun möhtərəm Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Sədr Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirəib: “Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini ifadə edib. Bu dəstək özünü Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər”.

Sədr gələcəkdə də münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirib.

Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun Azərbaycan və Əfqanıstan arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib. O, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsi naminə səfir kimi səylərini əsirgəməyəcəyini deyib. Səfir ölkəsinin Azərbaycana haqq işində həmişə dəstək verdiyini söyləyərək, Azərbaycan parlamentində ölkəmizin Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti və parlamentlərarası əlaqələr barədə danışıb.

Görüşdə həmcinin iki ölkənin parlamentlərində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR