Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub

Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
# 16 iyul 2020 04:58 (UTC +04:00)

Meksikanın nüfuzlu ingilisdilli mətbu orqanı olan “Pulse News Mexico” qəzetində tanınmış jurnalist Teresa Marqolisin işğalçı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində atəşkəs rejimini pozması ilə bağlı “Ey Ermənistan, izləyən var!” (Hey, Armenia, Someone is watching! https://pulsenewsmexico.com/2020/07/15/hey-armenia-someone-is-watching/) başlıqlı məqaləsi dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata əsasən, məqalədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun işğal edildiyi, 800 mindən çox azərbaycanlının doğma yurdlarından didərgin salındığı bildirilir. Həmin dövrdən etibarən işğal olunmuş ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunun tanındığı və BMT TŞ tərəfindən erməni qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin qəbul edildiyi, lakin bu günə qədər Ermənistan tərəfindən bu sənədlərə məhəl qoyulmadığı vurğulanır.

Bütün bunlara baxmayaraq, Azərbaycanın münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğu qeyd olunur. Azərbaycanın münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmasına çalışdığı, lakin Ermənistan tərəfindən bu istiqamətdə heç bir addım atılmadığı vurğulanır.

Məqalədə həmçinin rəsmi Yerevanın beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə edilən çağırışlara məhəl qoymadığı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlə məşğul olduğu, həmin torpaqlardan çıxan qızıl və digər resurslardan istifadə etdiyi qeyd olunur.

Müəllif qeyd edir ki, dünya birliyinin COVID-19-a qarşı mübarizə apardığı bir dövrdə törətdiyi təxribatların beynəlxalq ictimaiyyət tərəfindən hiss edilməyəcəyini düşünən Ermənistan 12 iyul tarixində yenidən atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edib, ağır artilleriya qurğularından istifadə edərək Azərbaycanın Tovuz rayonu istiqamətini atəşə tutub.

Məqalədə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması zamanı 14 iyul tarixində Azərbaycan ordusunun 11 hərbiçisinin həlak olduğu qeyd olunur.

Müəllif bildirir ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünə beynəlxalq ictimaiyyət tərəfindən son qoyulması istiqamətində ciddi addımlar atılmadığı təqdirdə bu ərazi münaqişəsi davam edəcək.

Sonda müəllif, Ermənistanın işğalçı siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən artıq dözülməyəcəyinin göstərilməsinin vaxtı çatdığını bildirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR