Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
# 27 fevral 2021 06:26 (UTC +04:00)

26 fevral tarixində Mexiko şəhərinin Tlakskoake/Xocalı (Tlaxcoaque/Jodyali) meydanında yerləşən Xocalı soyqırımı abidəsi önündə Xocalı faciəsinin 29-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, Xocalı soyqırımı abidəsi önünə əklil qoyulub. Daha sonra çıxış edən səfir Məmməd Talıbov Azərbaycan tarixinin ən qanlı və amansız səhifəsi kimi yaddaşlarda qalan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə iştirak edən “Gənc Diplomatlar” (Jóvenes Diplomáticos) qeyri-hökumət təşkilatının rəhbəri Maurisio Tafoya Villanueva təşkilat tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar qəbul edilmiş bəyanatı səfirliyə təqdim edib.

Daha sonra Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və sözügedən meydanda yerləşən kilsənin zəngləri çalınıb.

Həmçinin Xocalı faciəsi barədə məlumatların yerli ictimaiyyətə çatdırılması məqsədilə Səfirlik binasının qarşısında soyqırımı qurbanlarının xatirəsinə həsr olunan guşə yaradılıb. Türkiyə Respublikasının səfiri Timur Tahsin Söylemez, Ukrayna səfiri Oksana Dramaretska və Gürcüstan səfirliyinin müşaviri Giorgi Sirbiladze sözügedən guşəni ziyarət edərək, Xocalı soyqırımı qurbanlarını yad edib, guşənin önünə gül dəstələri və əklillər qoyublar.

Anım günü ilə əlaqədar səfirlikdə dövlət bayrağı aşağı endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR