Meksikanın “El Universal” qəzetində Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib

Meksikanın “El Universal” qəzetində Ermənistanın son hərbi təxribatı ilə bağlı məqalə dərc edilib
# 04 avqust 2020 09:04 (UTC +04:00)

Meksikanın ən nüfuzlu mətbu orqanlarından olan “El Universal” qəzetində ispan və ingilis dillərində “Enerji və ərazi mübahisələri Qafqazda müharibənin yenidən başlanması təhdidini yaradır” başlıqlı məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən nəlumata görə, məqalədə ilk olaraq, Ermənistan və Azərbaycan arasındakı son hərbi toqquşmanın Qafqazda yeni müharibə ilə nəticələnə biləcəyi ilə əlaqədar dünya ictimaiyyətinin narahatlığına səbəb olduğu bildirilir. Silahlı qarşıdurmanın iki ölkə sərhəddində baş verdiyi qeyd olunur və bu dəfə münaqişəyə yeni bir faktorun cəlb olunduğu, toqquşmanın Cənubi Qafqaz, Mərkəzi Asiya və Avropanı birləşdirən strateji enerji və nəqliyyat layihələrinin yaxınlığında qeydə alındığı, bu xüsusda Tovuz rayonu ərazisindən keçən və Avropanın enerji təhlükəsizliyində önəmli payı olan Bakı-Tiflis-Ceyhan neft kəməri və Bakı-Tiflis-Qars dəmiryolu xətti üçün təhlükə ərz etdiyi bildirilir.

Materialda Dağlıq Qarabağın Azərbaycana məxsus olmasının beynəlxalq ictimaiyyət, habelə Meksika tərəfindən tanındığı vurğulanır.

Yazıda dövlət sərhəddindəki hərbi toqquşma ilə bağlı Türkiyə tərəfinin bəyanatlarına istinad edilərək, rəsmi Ankaranın Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatını qəti surətdə pislədiyi və Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi bildirilir.

Məqalənin “Sülh və təhlükəsizlik” yarımbaşlıqlı hissəsində Azərbaycan Səfirliyinə istinadən Dağlıq Qarabağ və yeddi ətraf rayon olmaqla Azərbaycanın suveren ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğu, işğal edilmiş ərazilərdə 800 min azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirildiyi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş dörd qətnamə, habelə ATƏT və Avropa Şurası kimi digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin işğal olunmuş Azərbaycan ərazilərinin dərhal azad edilməsi və məcburi köçkünlərin evlərinə qaytarılmasını tələb etdiyi qeyd olunur.

Sonda regionda Azərbaycan və Türkiyənin iştirakı ilə həyata keçirilən Cənub Qaz Dəhlizi, bu xüsusda, TAP və TANAP boru kəmərləri layihələrinin önəmi haqda məlumat verilir.

Məqalədə əsas illüstrativ material kimi Ermənistan tərəfinin artilleriya hücumu nəticəsində Tovuz rayonu ərazisində dağıntıya məruz qalmış dinc yaşayış binasının fotoşəkli öz əksini tapıb.

https://www.eluniversal.com.mx/english/disputas-energeticas-y-territoriales-amenazan-con-reavivar-guerra-en-el-caucaso

https://www.eluniversal.com.mx/english/energy-and-territorial-disputes-threaten-reignite-war-caucasus

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR