Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb

Meksikanın nüfuzlu internet televiziyasında Xocalı soyqırımı və erməni təcavüzü haqda danışılıb
# 28 fevral 2021 07:05 (UTC +04:00)

Meksikanın “ADR Networks” internet televiziyasında səfir Məmməd Talıbovun Xocalı soyqırımı və Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün tarixi haqda müsahibəsi efirə gedib.

Azərbaycanın Meksikadakı Səfirliyindən APA-ya verilən məlumata görə, müsahibədə Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən hərbi işğalda saxlanıldığını və bu prosesin gedişatında təcavüzkar dövlət tərəfindən insanlıq əleyhinə cinayətlər törədildiyini bildirən səfir, bu xüsusda Xocalı soyqırımı haqda məlumat verib, bu qanlı faciə zamanı 613 nəfər dinc sakinimizin erməni silahlı qüvvələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirildiyini söyləyib və Xocalıda törədilmiş bu qətliamın Ermənistanın eks-prezident Serj Sarkisyan tərəfindən də etiraf edildiyini vurğulayıb.

Xocalı soyqırımının dünyanın bir çox ölkələrinin qanunverici orqanları tərəfindən tanındığını söyləyən diplomat, 10 il bundan öncə Meksika Deputatlar Palatasında da bu qətliamı rəsmi qaydada tanıyan sənəd qəbul edildiyini, eyni zamanda paytaxt Mexikoda Xocalı qurbanlarının xatirəsinə abidə ucaldıldığını qeyd edib və bu məsələdə nümayiş etdirdiyi həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib.

44 günlük Vətən müharibəsi zamanı işğalda olan ərazilərimizin azad edildiyini məlumat verən təmsilçimiz, burada Azərbaycana aid tarixi-mədəni irsin, eləcə də bütün infrastrukturun 30 il ərzində Ermənistan tərəfindən tamamilə məhv edildiyini, hazırda bu torpaqlarda tərəfimizdən minalardan təmizləmə və yenidənqurma işlərinin aparıldığını və növbəti mərhələdə vaxtilə etnik təmizləməyə məruz qalaraq öz yurdlarından didərgin düşmüş 1 milyona yaxın məcburi köçkünümüzün evlərinə geri qaytarılmasının nəzərdə tutulduğunu bildirib.

Daha sonra Heydər Əliyev Fondunun istehsalı olan “Xocalı soyqırımı” sənədli filmi ispan dilində alt yazılarla tamaşaçılara nümayiş etdirilib.

Müsahibədə, həmçinin müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti, ölkəmizin coğrafi yerləşməsi, çoxmədəniyyətlilik və tolerantlıq ənənələri, əlverişli biznes mühiti, iqtisadi nailiyyətləri, iri miqyaslı infrastruktur və enerji layihələri, turizm imkanları, paytaxt Bakı və regionlarımızın daim böyük marağa səbəb olan yerləri haqda məlumat verilib və bu səpkidə təşviqat video roliki göstərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR