Milli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək

  Milli Məclis Sədri Lavrovla görüşəcək, Federal Şuranın iclasında çıxış edəcək
# 17 sentyabr 2020 17:53 (UTC +04:00)

Sentyabrın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına ilk rəsmi səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatlarından və parlament Aparatının məsul işçilərindən ibarət rəsmi şəxslər daxildirlər.

Səfər zamanı Milli Məclisin Sədri Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının Sədri Valentina Matviyenko, Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının Sədri Vyaçeslav Volodin ilə görüşəcək, parlamentlərarası əlaqələrin bu günü və gələcək inkişaf istiqamətləri barədə fikir mübadiləsi aparacaq.

Səfər müddətində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federal Şurasının plenar iclasında çıxışı gözlənilir.

Milli Məclis Sədrinin Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə görüşü nəzərdə tutulub.

Səfər çərçivəsində keçirilən görüşlərdə parlamentlər səviyyəsində mütəmadi səfərlərin həyata keçirilməsi, qanun yaradıcılığı prosesində təcrübə və informasiya mübadiləsi, nüfuzlu beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimizin iştirakı, regional münaqişələrin həlli yolları, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əlaqələrimizin daha da möhkəmləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər sentyabrın 23-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR