Milli Məclisin sədri İordaniya səfiri ilə görüşüb

Milli Məclisin sədri İordaniya səfiri ilə görüşüb
# 29 yanvar 2021 17:41 (UTC +04:00)

Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşeh ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, spiker Azərbaycanın onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib.

Milli Məclisin sədri dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafının əhəmiyyətindən danışıb.

Bildirib ki, bu gün Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq platformalarda mütəmadi görüşləri təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir. Bu, bölgə həqiqətlərinin, o cümlədən Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyətlidir.

İordaniya Haşimilər Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sami Asem Ğoşeh deyib ki, Azərbaycanı sevməmək mümkün deyil.

Qeyd edilib ki, İordaniya onunla ortaq dini, mədəni və mənəvi dəyərləri bölüşən Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır. Hər iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq münasibətləri əməkdaşlığımızın daha da inkişafı üçün möhkəm zəmin yaradır. Siyasi, iqtisadi, mədəni sahələrdə əlaqələrimiz yüksələn xətlə inkişaf edir.

Səfir deyib ki, əməkdaşlığın dərinləşməsində parlamentlərin rolu böyükdür. Qonaq İordaniya parlamentinin formalaşması və fəaliyyəti haqqında ətraflı məlumat verərək, nümayəndə heyətlərinin səfərlərinin və deputatların mütəmadi təmaslarının əhəmiyyətindən danışıb. Bildirilib ki, İordaniya xalqı Azərbaycana xüsusi münasibət göstərir və onun ölkəsi gələcəkdə Azərbaycanla əlaqələri daha da dərinləşdirmək niyyətindədir.

Söhbətdə parlamentlərarası əlaqələrin bu günü, gələcək inkişaf perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR