Millət vəkili: “BMT Baş Assambleyasının Xüsusi sessiyası qlobal təhdidə qarşı cavabın tapılmasına töhfə verəcək ”

Millət vəkili: “BMT Baş Assambleyasının  Xüsusi sessiyası qlobal təhdidə qarşı cavabın tapılmasına töhfə verəcək ”
# 28 iyun 2020 11:43 (UTC +04:00)

“Qoşulmama Hərəkatının Sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının “COVİD-19”a həsr olunmuş Xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə verilən böyük dəstək dövlətlərin Azərbaycana olan böyük inamını ifadə edir”.

Bunu APA-ya açıqlamasında, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.

Q. Paşayeva deyib ki, bundan öncə də Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə beynəlxalq təşkilatların zirvə görüşləri keçirilib: “Prezident İlham Əliyev Qoşulmama Hərəkatınən virtual Zirvə görüşündə qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüşdü. Təklif Nyu Yorkda – Qoşulmama Hərəkatına üzv 120 ölkə arasında yekdilliklə razılaşdırılıb, bunun ardınca Hərəkatın sədri Azərbaycan Prezidenti İlham Əliyev, Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdı. Mövcud qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi – bu isə 97 ölkə edir – təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130 ölkə təşəbbüsə dəstək verdiyi barədə Baş katibin ofisini məlumatlandırıb. Bu, Qoşulmama Hərəkatının sədri statusunu daşıyan Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq təşəbbüsünün dəstəklənməsi, beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, Prezidentə olan böyük etimadın, ehtiramın növbəti göstəricisidir”.

Komitə sədri xatırladıb ki, bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olub: “Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlətin Ermənistan olacağı həm gözlənilən, həm də, açığını desək, bir xeyli gözlənilməzdi. Ona görə gözləniləndir ki, zərbaycanın artan nüfuzu, Azərbaycanın sözünün eşidilməsi, bir işğalçı ölkə olmaq etibarı ilə Ermənistanı narahat edir. Ona görə gözlənilməzdir ki, bütün dünya “COVİD-19”a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmiş oldu. Azərbaycan Przidentinin təşəbbüsünün əleyhinə olmaqla, bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu. Bu da, demokrat libaslı, işğalçı zehniyyətli Paşinyan hökumətinin diplomatik səbatsızlığının, manevr imkanlarının tükəndiyinin əlamətidir”.

Q. Paşayeva qeyd edib ki, dünyada “COVİD-19”un pandemiya elan edilməsindən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır: “Çox təəssüflər ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT-nin, onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu, demək olar, görünmürdü. dünyanın aparıcı ölkələri qlobal liderlik əvəzinə geosiyasi rəqabət və özünütəcridə köklənib. Keçən dövr ərzində böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də, bu, faktiki olaraq, baş vermədi. Daha çox özünütəcrid və ya milli eqoizm xarakteri daşıyan fraqmental addımlar atıldı. Doğrudur, BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülmüşdü, lakin onların da çoxu uğurla nəticələnmədi və deklarativ mətnlərlə yekunlaşdı. Biz ümid edirik ki, Xüsusi sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaq. Prezident İlham Əliyevin irəli sürdüyü və Qoşulmama Hərəkatı ölkələrinin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul edildiyi üçün Xüsusi sessiyanın keçirilməsi artıq təkcə Hərəkat üzvlərinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilib”.

Deputat vurğulayıb ki, Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit ortam yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək:

“COVİD-19” pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının, BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən “COVİD-19”dan çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR