Millət vəkili: “Ərazi bütövlüyümüzün bərpası Azərbaycan Prezidentinin sözü və əməlinin vəhdət təşkil etməsinin əyani sübutudur”

Millət vəkili: “Ərazi bütövlüyümüzün bərpası Azərbaycan Prezidentinin sözü və əməlinin vəhdət təşkil etməsinin əyani sübutudur”
# 14 fevral 2021 12:13 (UTC +04:00)

“Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 2020-ci il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələrdən bir il ötür. Prezident İlham Əliyevin sözü ilə əməli hər zaman vəhdət təşkil edib, dövlət başçısı "Qarabağ Azərbaycandır!" şüarının həyata keçirilməsi üçün ardıcıl, qətiyyətli və düşünülmüş fəaliyyət həyata keçirib. 44 günlük müharibədə tarixi qələbə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması bunun əyani sübutudur”.

Bunu APA-ya açıqlamasında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı bildirib.

M. İbrahimqızı deyib ki, paneli canlı izləyən media və sosial şəbəkə istifadəçiləri Prezident Əliyevin Ermənistan Baş nazirinə tarix, beynəlxalq hüquq və siyasət dərsi keçməsi adlandırmaqla, bu debatı Azərbaycan Prezidentinin zəfəri kimi qeyd edirdilər. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Prezident İlham Əliyev 1805-ci ildə Qarabağ xanı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla Kürəkçay sazişi imzaladığını, bu sazişə əsasən, Azərbaycanın Qarabağ xanlığının müstəqil ölkə kimi Rusiya imperiyasının tabeçiliyinə keçdiyini, sazişin mətnin internetdə olduğunu və sazişdə Qarabağın erməni əhalisi barədə heç nə deyilmədiyini dünya ictimaiyyətinin nəzərinə çatdırıb. O cümlədən erməni tarixçilərinin iddia etdiyi kimi 1921-ci ildə Bolşevik Partiyasının Qafqaz Bürosunun Dağlıq Qarabağın Azərbaycana verilməsi deyil, məhz Azərbaycanın tərkibində saxlanılması barədə qərar qəbul etdiyini xatırladıb. Eyni zamanda 1980-ci illərin sonunda Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığını, 300 min azərbaycanlının Ermənistan ərazisindən deportasiya olunduğunu, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində 1990-cı illərin əvvəlində bizim ərazilərimizin təxminən 20 faizinin işğal altına düşdüyünü və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini, xalqımızın etnik təmizləməyə məruz qaldığını bildirib. Qeyd edib ki, 1992-ci ildə Ermənistanın əvvəlki rejimi müharibə cinayəti - Xocalı soyqırımını törədib.

SSRİ dağıldıqdan və Azərbaycan BMT-yə üzv olarkən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsi kimi bütün dünya tərəfindən qəbul edilib. Dağlıq Qarabağ münaqişə tərəfi olmayıb və Prezident Əliyevin dediyi kimi, bu ərazi Ermənistan tərəfindən işğal edilmişdi.

Müzakirələr zamanı İlham Əliyev daha bir parlaq jest edib. N. Paşinyanın çıxışında Xocalı faciəsinin Azərbaycan tərəfindən törədilməsi ilə bağlı iddia səsləndirməsi, üstəlik, bu fikrini "gücləndirmək" üçün Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad etməsinə ölkə rəhbəri olduqca tutarlı cavab verib, A. Mütəllibovun dəfələrlə Azərbaycanın Xocalı faciəsini törətməsi ilə bağlı fikir səsləndirmədiyini söylədiyinə, belə iddiaların erməni jurnalistlərin fantaziyası olduğuna diqqət çəkib. Beləliklə, "Xocalı faciəsini Azərbaycan törədib" yalanını Münhendə növbəti dəfə darmadağın edib.

Debatda N. Paşinyan tarixi faktları təhrif etməsi, çox zəif ingiliscəsi, həmçinin, diletant siyasi təhlili, arqumentsizliyi və savadsız biliyi ilə növbəti dəfə çıxılmaz və gülünc duruma düşüb. Azərbaycan Prezidenti paneldə 19-cu əsrin əvvəllərində İrəvan əhalisinin 70 faizinin azərbaycanlılardan ibarət olduğunu xatırladıb, erməni xalqının öz müqəddəratını təyin etdiyini nəzərə çatdırıb, ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Azərbaycanda yox, planetdə başqa yer tapmağı məsləhət görüb.

Bir sözlə, Prezident İlham Əliyev paneldə münaqişə barədə danışarkən beynəlxalq hüquqa, tarixi və hüquqi sənədlərə istinad edib. N. Paşinyan isə ümumiyyətlə özünü tam məlumatsız və təsadüfi bir şəxs kimi aparıb, hətta arada yanında gətirdiyi erməni yalanını əks etdirən kitaba müraciət etməsi də ona kömək etməyib.

Millət vəkili həmin debatda işğalçılıq siyasətinə son qoymayacaqlarını nümayiş etdirən N. Paşinyanın beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli olmadığını bəyan etməyə çağırdığını xatırladıb. Prezident İlham Əliyev isə debatda bəyan edib ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir, ona görə də biz ərazi bütövlüyümüzü danışıqlar yolu ilə bərpa edə biləcəyimizlə bağlı ümidlərimizi itirməmişik. Eyni zamanda Ermənistan tərəfdən yeni yanaşma nəticəsində danışıqlar tamamilə pozulsa, münaqişənin hərbi yolla həllinin nəzərdən keçirilə biləcəyini vurğulayıb: “Azərbaycan Prezidenti Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəsindən çıxış edərək, debatda bildirmişdi ki, Nikol Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanı olub. Onlar isə hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıb, hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Dövlət başçısı onu da vurğulamışdı ki, Nikol Paşinyan da yaxşı bilir ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini, bəlkə də artığını Ermənistan vətəndaşları təşkil edir, “Dağlıq Qarabağ ordusu”, “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Qeyd etmişdi ki, münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan və biz təcavüzkarla danışıqlar aparırıq. Azərbaycan Prezidenti Ermənistanın həmin əraziləri daim işğal altında saxlaya biləcəyini hesab etdiyini, ancaq bunun belə qalmayacağına əmin olduğunu, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməli olduğunu vurğulamışdı”.

M. İbrahimqızı sentyabrın 27-də Ermənistanın növbəti genişmiqyaslı təxribatından, Azərbaycan Ordusunun mövqelərinə və mülki obyektlərə zərbələr endirilməsindən, hərbçilərimizin və mülki şəxslərin həlak olmasından sonra Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda əks-hücum əməliyyatının – Vətən Müharibəsinin başladığını söyləyib: “44 gün davam edən, hər günü bir tarix olan Vətən Müharibəsi noyabrın 10-da Ermənistanın Baş naziri Nikol Paşinyanın kapitulyasiya mahiyyətli üçtərəfli bəyanata imza atması ilə başa çatdı. Beləliklə, həm daxili və həm də xarici siyasətində sözü və əməli hər zaman vəhdət olan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR