Moskvada “Rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri” mövzusunda tədbir keçirilib - FOTO

Moskvada “Rusiyalı parlamentarilərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə ilk səfəri” mövzusunda tədbir keçirilib - FOTO
  • Clock-gray 21:06
  • calendar-gray 19 Fevral 2021

Moskvada Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad edəndən sonra regiona dinc həyatın qayıtması, rusiyalı parlamentarilərin işğaldan azad olunan ərazilərə ilk səfəri, Rusiya sülhməramlılarının regiondakı vəzifə və məqsədləri müzakirə olunub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın Milli Xəbər Xidməti (“Nasionalnaya Slujba Novostey”) radiosunda Siyasi Tədqiqatlar İnstitutunun təşəbbüsü ilə “Rusiyalı parlamentarilərin Azərbaycanın işğal altındakı ərazilərinə ilk səfəri” adlı Moskva-Bakı videokörpüsündə rusiyalı politoloq Sergey Markov, Milli Müdafiə Jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycandakı Rus İcmasının sədri Mixail Zabelin və media nümayəndələri iştirak ediblər.   

Videokörpüdə çıxış edən Rusiya Siyasi Tədqiqatlar İnistutunun rəhbəri, politoloq Serqey Markov İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan tam qələbə qazandığını və işğal altında olan torpaqlarını azad etdiyini söyləyib. 

Rusiyalı deputatların Dağlıq Qarabağa səfərinin məqsədlərindən danışan rusiyalı politoloq bu səfərin rusiyalı sülhməramlılarının işinin necə aparıldığını görmək və mümkün problemləri qaldırmaq üçün həyata keçirdiyini qeyd edib:” Ən vacib humanitar missiyalardan birini həyata keçirən sülhməramlılara kömək göstərməkdə hamımız maraqlıyıq”. 

Markov Qarabağda sülhməramlı əməliyyatları çərçivsəində həll edilməsi lazım olan bir sıra problemlərdən danışıb: “Ermənistan tərəfdən hələ də minalanmış ərazilərin xəritələri yoxdur və buna görə də insanlar həlak olurlar. Bu gün Ermənistan qarşısında qoyulmalı olan əsas tələb xəritələri verməkdir. Onların olmaması ilə bağlı bəhanələr qeyri-ciddi söhbətdir. İkinci problem terror aktı ehtimalıdır. Mümkün qrupların terror aktları törətməsinin qarşısını almaq da Ermənistan hakimiyyəti qarşısında qoyulan ən vacib tələblərdən biridir. Bu gün Ermənistanda terror aktları törətmək ehtimalı böyük olan qruplar “Daşnaksyütun” və “Sosna Tsrer” hərəkatlarıdır. Onların fəaliyyətinə ciddi nəzarət edilməlidir”.   

Sergey Markov Ermənistan və Azərbaycan arasında 2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə əldə edilmiş sülh razılaşmasının beynəlxalq ictimaiyyətin 2020-ci ildə sülh və beynəlxalq təhlükəsizlik sahəsində əldə etdiyi ən mühüm nailiyyət olduğunu vurğulayıb. ATƏT-in Minsk Qrupunun fəaliyyətindən danışan politoloq müharibə dövründə həmsədrlərin işinin öhdəsindən gəlmədiyini və tərəfləri razılığa gətirə bilmədiyini vurğğulayıb: “Minsk Qrupu Rusiyanın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında olan razılaşmanın ATƏT-də və BMT Təhlükəsizlik Şurasında beynəlxalq səviyyədə təsdiqlənməsinə töhfə verməlidir”.

Tədbirdə çıxış edən Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Dağlıq Qarabağın beynəlxalq səviyyədə Azərbaycan ərazisi olduğunu və Azərbyacanın haqlı olaraq öz ərazisində hərbi əməliyyat keçirdiyini söyləyib: “Azərbaycanın əvəzinə Türkiyə xüsusi təyinatlarının döyüşməsi ilə bağlı xəbərlər hamısı feyk idi. Azərbaycan orudusu özü torpaqlarını azad etdi”.

İ.Korotçenko Rusiya sülhməramlılarının 15 minə yaxın erməni hərbçisini Qarabağda ölümdən qurtardığını söyləyib: “Əgər noyabrın 9-dan 10-a keçən gecə Ermənistan kapitulyasi aktını imzalamasaydı həmin erməni hərbçilər mühasirədə qalıb məhv olacaqdılar”. 

Rusiyalı hərbi ekspert Ermənistanın işğalı altında olan ərazilərin minalardan təmizlənməsinin çətinliyindən də danışıb. 

Onun sözlərinə görə, Ermənistan minalanmış ərazilərin xəritəsini Azərbaycana verməlidir: “Bu məsələdə Avropa paytaxtları, xüsusən də Moskva nüfuzundan istifadə edərək İrəvana təsir etməlidirlər”. 

Videokörpüdə çıxış edən Azərbaycan Milli Məclisinin deputatı, Rusi İcmasının sədri Mixail Zabelin isə İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq savaşından danışıb. Qarabağa dinc həyatın qayıtması prosesindən danışan millət vəkili regionda nəqliyyat əlaqələrinin bərpa edilməsi və yolların çəkilməsi üzrə genişmiqyaslı işlərə başlanıldığını vurğulayıb: “Sakinləri evlərinə qaytarmaq üçün ərazilərin minalardan təmizlənməsi və infrastrukturun yenidən qurulması məsələlərini həll etmək lazımdır. Ermənilər bütün evləri dağıdıb. Hər şeyi yenidən qurmaq lazımdır”. 

Qeyd edək ki, Rusiya parlamentinin deputatı Aleksey Juravlyov Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib. 

Fərid Əkbərov

Digər xəbərlər