NATO PA-nın Cənubi Qafqazda vəziyyətə həsr olunmuş seminarı keçirilib

NATO PA-nın Cənubi Qafqazda vəziyyətə həsr olunmuş seminarı keçirilib
  • Clock-gray 17:23
  • calendar-gray 01 Dekabr 2020

NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı keçirilib.

Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, videokonfrans formatında keçirilən seminarda Milli Məclisin NATO PA-da nümayəndə heyətinin rəhbəri, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı iştirak ediblər.

Ermənistandan olan deputatın çıxışına cavab verən Ziyafət Əsgərov bildirib ki, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında çıxış edənlər bu münaqişənin beynəlxalq hüquqi aspektləri barədə danışsınlar: "Siz Azərbaycan ərazisinin 20 faizinin işğal olunduğunu göstərən sənədlər qəbul etmisiniz. Mən soruşuram - 1 milyon mülki vətəndaşımız evlərini tərk etmək məcburiyyətində qalanda Avropa Birliyi harada idi? Heç kim onlar haqqında düşünmürdü. 30 ildir danışırdıq və danışırıq. "Gəlin bunu sülh yolu ilə müzakirə edək" dedik. Ancaq biz torpaqlarımızı Ermənistanın  işğalından azad etməyə başlayan kimi hamı birdən danışmağa başladı".

Ziyafət Əsgərov Azərbaycana kömək etdiyinə görə Türkiyəni günahlandıranlara da cavab verib: “Türkiyə bizi mənəvi və siyasi cəhətdən dəstəkləyir. Türkiyə bizim üçün dost və qardaş ölkədir, bundan əlavə, Türkiyə Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan ərazi bütövlüyünü dəstəkləyir. Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür”.

Ziyafət Əsgərov Ermənistan tərəfinin müharibə zamanı mülki insanlara qarşı ballestik raket və fosfor bombalarından istifadə etməsi barədə də danışıb.

Deputat sonda bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatıb: “Müharibədə, Azərbaycanın Ali Baş Komandanı başda olmaqla ordumuz və xalqımız qalib gəldi. Biz torpaqlarımızı azad etdik. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu".

Sonra seminarda bir sıra ölkələrin nümayəndələri və ekspertlər çıxış edərək öz fikirlərini bildiriblər. Bununla da NATO Parlament Assambleyasının Cənubi Qafqazda vəziyyətə həsr olunmuş Rouz-Rout seminarı başa çatıb.

 

Firuzə Vahid

Digər xəbərlər