Nazir: “Azərbaycan Vətən müharibəsində Macarıstanın mövqeyini yüksək dəyərləndirir”

Nazir: “Azərbaycan Vətən müharibəsində Macarıstanın mövqeyini yüksək dəyərləndirir”
# 10 mart 2021 13:02 (UTC +04:00)

“Bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə danışıqlarımız başlanıb. Günün birinci yarısında ölkələrimiz arasında hərtərəfli münasibətlərin inkişafına dair müzakirə keçirilib”.

APA-nın məlumatına görə, bunu bu gün Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşdən sonra xarici işlər naziri Ceyhun Bayramov bildirib.

C. Bayramov deyib ki, Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu qəbul edib: “Prezident görüşdə ikitərəfli münasibətlər və bölgədəki yeni vəziyyətə dair baxışlarını bölüşüb”.

Xarici işlər naziri bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri müxtəlif sahələrdə inkişaf edir: “Uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsi mövcud olan zaman Macarıstan Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Azərbaycan Vətən müharibəsində Macarıstanın mövqeyini yüksək dəyərləndirir. Regionda yeni təhlükəsizlik formatı yaranıb. 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli bəyanatlar 30 illik təcavüzə, işğala son qoyub, regionun inkişafı baxımından yeni imkanlar yaradıb. Azərbaycan ölkələrin suverenliyi və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətlərin inkişafını dəstəkləyib”.

Nazir onu da vurğulayıb ki, Azərbaycan hazırkı dövrü postkonflikt dövrü kimi dəyərləndirir.

C. Bayramov qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən bu dövrdə işğaldan azad edilmiş ərazilərdə dost və tərəfdaş ölkələrlə birgə əməkdaşlıq ediləcəyi elan olunub: “Macarıstanın bu sahədə fəaliyyəti kifayət qədər geniş müzakirə olunub. Macarıstan tərəfindən atılan konkret addımlar yüksək dəyərləndirilir. Macarıstanın “EksimBank”ı işğaldan azad olunmuş ərazilərdəki macar şirkətlərinə 100 milyon dollar ayırıb. Eyni zamanda, Azərbaycan tərəfi Macarıstanın işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ilə bağlı ianəsini yüksək dəyərləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR