Nazir Moldova səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Nazir Moldova səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib
# 18 dekabr 2019 16:32 (UTC +04:00)

Xarici İşlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycandakı səfiri George Leukanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı durumu, əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri barəsində fikir mübadiləsi aparıblar.

İki ölkənin Xarici İşlər nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələrin gələn ilin əvvəlində Moldovada keçiriləcəyi qeyd olunub.

Nazir GUAM çərçivəsində ölkələr arasında səmərəli əməkdaşlığı vurğulayıb və təşkilatın iqtisadi ölçüsünün möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Tərəflər ikitərəfli əlaqələrin inkişafının uğurla davam etdiyini qeyd edib və iqtisadi və enerji sahələrində əməkdaşlığını daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir George Leuka diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Bu xüsusda, səfir Azərbaycan və Moldovada keçirilən sərgilər, konsertlər, hər iki ölkənin milli bayramları ilə həyata keçirilən tədbirlər, həmçinin azərbaycanlı və moldovalı müəlliflərin kitablarının hər iki dilə tərcümə olunmasının əhəmiyyətini qeyd edib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR