Nazir: “İnanırıq ki, Rusiya Qarabağ münaqişəsinin düyününün açılmasına başlanılmasında əsas rollardan birini oynamağa qadirdir”

Nazir: “İnanırıq ki, Rusiya Qarabağ münaqişəsinin düyününün açılmasına başlanılmasında əsas rollardan birini oynamağa qadirdir”
# 30 dekabr 2019 11:52 (UTC +04:00)

“Məmnuniyyətlə qeyd etməliyəm ki, Azərbaycan və Rusiya arasında münasibətlər ildən-ilə sabitlik və dinamizm nümayiş etdirir. Bu il başa çatmaq üzrədir və bu müsbət dinamika da inkişaf edib”.

APA-nın məlumatına görə, bunu Xarici İşlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağlı bir sıra KİV-ə müsahibəsində deyib.

Nazir yüksək siyasi rəhbərlik səviyyəsindəki sıx əlaqələr və etibarlı dialoqun həlledici rol oynamaqda davam etdiyini vurğulayıb: “Bu, siyasi münasibətlərdən tutmuş ticarət, iqtisadi və humanitar əməkdaşlığa qədər münasibətlərimizin bütün spektrini əhatə edən strateji tərəfdaşlığın gələcək inkişafı üçün əlverişli zəmin yaradır.

Məlum olduğu kimi, əlaqələrimizin inkişafı məqsədyönlü və proqram xarakteri daşıyır. Konkret istiqamətlər üzrə "yol xəritələri"ndə nəzərdə tutulan və həyata keçirilən tədbirlərdən altısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasına ötənilki rəsmi səfəri zamanı, ikisi isə bu ilin dekabrında Bakıda keçirilmiş İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın on səkkizinci iclasının yekununda imzalanıb. İlkin hesablamalara görə, 2019-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsi təxminən 3 milyard ABŞ dolları səviyyəsinə çatacaq”.

E. Məmmədyarov qeyd edib ki, 2019-cu ildə müsbət bir tendensiya, bir milyon insan sayına yaxınlaşmaqla Rusiyadan turist axınının davam etməsi olub: “Bu, çox mühüm göstəricidir və insanlar arasındakı təmasların intensivliyinin əyani təsdiqi kimi bizi sevindirir. Əlbəttə, bu, onu göstərir ki, rusiyalılar Azərbaycanda özlərini rahat hiss edirlər, burada səmimi qəbul ilə üzləşirlər və dil baryerinin olmamasının üstünlüklərindən istifadə edirlər. Bütün bu müsbət tendensiyaların gələn il də davam edəcəyini gözləyirik”.

Nazir ümid etdiyini bildirib ki, çox faydalı hesab etdiyi xarici işlər nazirliklərinin rəhbərləri səviyyəsində qarşılıqlı səfər mübadiləsi təcrübəsinin davam etdirilməsi də bu prosesə öz töhfəsini verə biləcək.

“Əlbəttə, Rusiya Federasiyasının da həmsədr qismində çıxış etdiyi ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinin intensivləşməsinə xüsusi ümid bəsləyirik. Hesab edirik ki, bölgədəki sülh və sabitlik maraqları tez bir zamanda hiss oluna biləcək siyasi nəticələrə nail olmaq zərurətini diktə edir. İnanırıq ki, Rusiya, münaqişə düyününün açılmasının başlanılmasında əsas rollardan birini oynamağa qadirdir.

Beləliklə, ümumiyyətlə gələcəyə nikbinliklə baxırıq və öz tərəfimizdən inkişafımızın strateji hədəflərinin reallaşması istiqamətində fəaliyyət göstərməkdə qərarlıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR