Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşüb

Oqtay Əsədov ATƏT PA-nın sədri ilə görüşüb
# 30 yanvar 2020 17:29 (UTC +04:00)

Yanvarın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (ATƏT PA) sədri Georgi Tsereteli ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən APA-ya bildirilib ki, sədr bu səfər çərçivəsində keçiriləcək görüşlərin ölkəmizlə ATƏT PA arasında münasibətlərin inkişafına dəyərli töhfəsini verəcəyini deyib. Qeyd edilib ki, Georgi Tseretelinin ATƏT PA-ya sədrliyi dövründə müstəqil Azərbaycanla bu qurum arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxıb.

“Qonağın ədalətli mövqeyi, proseslərə obyektiv baxışı sayəsində təşkilatın qurumları ilə əlaqələrimiz normal məcrada inkişaf etməkdədir. Təqdirəlayiq haldır ki, Azərbaycan nümayəndə heyəti tərəfindən qurumda qaldırılmış təşəbbüslər Parlament Assambleyasında dəstəklənib. Biz gələcəkdə də qurumda fəaliyyətimizi bu istiqamətdə davam etdirmək niyyətindəyik”, - deyə görüşdə bildirilib.

Qonağın növbədənkənar parlament seçkiləri ərəfəsində ölkəmizə səfər etdiyini vurğulayan sədr qurum rəhbərliyinin ölkə əhəmiyyətli bu prosesə diqqətini yüksək qiymətləndirib. Bildirilib ki, ATƏT PA-nın xətti ilə qarşıdakı növbədənkənar parlament seçkilərini 70-dən çox müşahidəçi izləyəcək. Ümumiyyətlə, qarşıdakı seçkiləri izləmək üçün 50 mindən artıq müşahidəçi qeydiyyata alınıb. Onlardan 429-u beynəlxalq müşahidəçidir.

Spiker deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçki praktikası və qanunvericilik təkmilləşdirilib: “Əminik ki, 9 fevral seçkilərində seçicilər öz iradələrini sərbəst şəkildə ifadə edərək seçdikləri namizədə səs verəcəklər”.

Sədr qonağın təmsil etdiyi təşkilatın bu siyasi prosesə obyektiv qiymət verəcəyinə inamını söyləyib.

Georgi Tsereteli ölkəmizə səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, Milli Məclisin rəhbərliyi ilə artıq mütəmadi xarakter halını almış bu təmaslar münasibətlərimizin inkişaf dinamikasının göstəricidir: “ATƏT PA Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan bizim üçün çox önəmli ölkədir”.

Qonaq Azərbaycan nümayəndə heyətinin təşkilatın işində fəaliyyətindən razı qaldığını vurğulayaraq gələcəkdə də bu fəaliyyətin yüksək səviyyədə davam etdiriləcəyinə əmin olduğunu deyib.

Georgi Tsereteli 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı öz fikirlərini bölüşüb. Qəbulda tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova və digər rəsmi şəxslər iştirak edirdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR