Özbəkistan səfiri: "MDB müxtəlif sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaradır"

Özbəkistan səfiri: "MDB müxtəlif sahələrdə əməkdaşlıq üçün əlverişli imkan yaradır"
# 26 noyabr 2019 18:01 (UTC +04:00)

"Müstəqil Dövlətlər Birliyi (MDB) müxtəlif sahələrdə yaxın əməkdaşlıq üçün əlverişli imkan yaradır".

APA-nın xəbərinə görə, bu barədə Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu qurum çərçivəsində iqtisadi-ticarət əlaqələri, transport və logistika, təhlükəsizlik, mədəni-humanitar sahələrdə əməkdaşlıq və layihələrin həyata keçirilməsi üçün böyük potensial var.

Səfir 2020-ci ildə quruma Özbəkistanın sədrlik edəcəyini qeyd edib. Onun sözlərinə görə, ilk dəfədir ki, Özbəkistan bu beynəlxalq quruma sədrlik edəcək. O, Özbəkistan hökumətinin MDB çərçivəsində ikitərəfli və çoxtərəfli əlaqələrin inkişafına diqqət yetirəcəyinə, həmçinin qurumun beynəlxalq arenada nüfuzunun daha daha artması üçün çalışacağını deyib.

Ş. Fayziyevin sözlərinə görə, müxtəlif sahələrdə əməkdaşlığı əhatə edəcək 69 tədbirin keçirilməsi Özbəkistan hökumətinin sədrliklə bağlı hazırladığı konsepsiyaya daxil edilib. O bildirib ki, hazırlanan konsepsiya xarici siyasət və təhlükəsizlik, iqtisadiyyat, elm və texnika, innovasiya, mədəniyyət-humanitar və digər sahələrdə əməkdaşlıqla bağlı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Səfir vurğulayıb ki, Özbəkistanın MDB-yə sədrliyi dövründə quruma üzv region ölkələrinin ilk iqtisadi forumunun keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR